Millət vəkili Q.Paşayeva Kəlbəcərin işğalının 23-cü ildönümü ilə bağlı Zonguldağda vilayətində Ermənistanın işğal etdiyi bölgələrdə vəziyyət, Azərbaycan - Türkiyə münasibətləri ilə bağlı konfrans verib.
Lent.az-ın məlumatına görə, konfransın açılışında Zonguldağ Türk Ocaqları başqanı Erol Şeref, araşdırmaçı-yazar İmdat Avşar, Türkçe Konuşan Ülkeler ve Uluslararası Gazeteciler Derneği Genel Başkanı Güngor Yavuzaslan Azərbaycan həqiqətlərinin, Türk dünyası problemlərinin daha geniş öyrənilməsi və yayılmasında aydınların, QHT, KİV və gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.
Konfransda çıxış edən milllət vəkili Q.Paşayeva əvvəlcə Türkiyədə baş verən terror nəticəsində və terrorla mübarizə zamanı həyatını itirmiş insanlara rəhmət, yaxınlarına səbr diləyib və terroru və arxasında duranları lənətlədiyini deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili bildirib ki, o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər.
Ermənistanın, erməni terror təşkilatlarının 24 il əvvəl Azərbaycanda törətdiyi terror hadisələri barədə danışan Q.Paşayeva Kəlbəcərin işğalının 23-cü ildönümü olduğunu xüsusi vurğulayaraq, Kəlbəcər və digər işğal altında olan torpaqlarımızla bağlı, Ermənistanın törətdiyi vandalizm aktları, soyqırımlar barəsində ətraflı məlumat da verib.
O Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.
Sonda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imzalı hədiyyə edib. Zonguldağ bölgəsi rəsmiləri, Türk Ocakları rəhbərliyi millət vəkili Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər, onun fəaliyyətini yüksək qiymətləndirərək plaket təqdim ediblər və yaxın zamanlarda yenidən konfrans vermək üçün dəvət ediblər.
Millət vəkili konfransdan sonra bölgənin fəal gənclər təşkilatları, Zonguldağ Universitetinin Öyrənci Topluluğu və bölgənin qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi aparıb.