Millət vəkili Qənirə Paşayeva Tailandda Baş nazirin müavini Prajin Juntoqla görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva ona Azərbaycanla bağlı məlumatlar verib. Azərbaycan-Tailand münasibətləri ilə yanaşı Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş danışıb. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib.
Qənirə Paşayeva Baş Nazir müavininə dost Tailanddan Dağlıq Qarabağ münaqişəsi və digər önəmli məsələlərdə beynəlxalq təşkilatlarda daha böyük dəstək gözləyirik deyib və onu hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyərək Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Tailand Baş nazirin müavini Prajin Juntoqla Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlarını deyib. Görüşün sonunda Qənirə Paşayeva Baş nazirin müavini Prajin Juntoqlaya rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.