Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Tailandda Chang Rayda Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoonla və mərkəz üzvləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
O deyib ki, Tailandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Paşayeva Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoon və mərkəz üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.
Q.Paşayeva onlara Azərbaycanla bağlı bütün istiqamətlərdə geniş məlumatlar verib və sualları cavablandırıb.