Bu gün millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Əyyublu kəndində seçicilərlə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva görüşdə seçicilərlə geniş fikir mübadiləsi aparıb: “Düz 10 il əvvəl bu yola sizin xeyr-duanızla çıxdım. Sizin xeyir-duanızla davam etdim. 10 il ərzində millət vəkili olaraq sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışdım. Sizə hər zaman söylədiyim kimi, mənim üçün deputatlıq sizə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Hər bir sakinin, seçicinin müraciətinə həssaslıqla yanaşmaq, diqqət və qayğı göstərməkdir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə bütün gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacağam. 10 il ərzində sizi təmsil edən millət vəkili kimi hər zaman ölkəmizi iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə də layiqli təmsil etmək üçün çalışdım. Bilirəm ki, siz dəyərli seçicilərim üçün Qarabağ problemi nə qədər həssas və önəmli məsələdir və mən hər zaman sizin səsiniz olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında bütün gücümlə dövlətimizin apardığı işə dəstək olmağa çalışdım. Əgər təkrar etimad göstərərsinizsə, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimiz və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam".
Millət vəkili ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.
Görüşdə Q. Paşayeva yeni seçki platformasını da açıqlayıb və sualları cavablandırıb, sakinlərin əkin və içməli su ilə təminatın daha da yaxşılaşdırılması istiqamətində təkliflərini dinləyib və onları büdcə müzakirələri zamanı hökumət üzvlərinin diqqətinə çatdıracağını bildirib. Əyyublu seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkilinə etimadları tamdır, çünki o, 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib.
Görüşdə xüsusilə fəallıq nümayiş etdirən qadınlar Qənirə Paşayevanın qadınlarla, ailələrlə bağlı ortaya çıxan problem və məsələlərin həllində daim onların yanında olduğunu vurğulayaraq "Sizə dəstəyimiz və etimadımız davam edəcək" deyiblər. Əyyublu seçiciləri Qənirə Paşayeva ilə görüşün sonunda "Siz hər zaman bizim yanımızda olduğunuz kimi, biz də sizin yanınızdayıq" deyiblər. Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparıb. Seçiciləri narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.