Qənirə Paşayeva AŞPA-nın baş katibinə müraciət edib
27 yanvar 2016 10:47 (UTC +04:00)

Qənirə Paşayeva AŞPA-nın baş katibinə müraciət edib

Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da hesabatla çıxış edən Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda müraciət edib. Lent.az-ın məlumatına görə, Q.Paşayeva T.Yaqlanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün pozulan haqları barədə sual ünvanlayıb və "sizcə, Avropa və Avropa Şurası insanları öz evlərindən qaçqın və məcburi köçkün salan səbəblərə qarşı daha sərt mübarizə aparmalı deyilmi?" deyə müraciət edib.

 

Baş katib millət vəkilinin fikirləri ilə razılaşıb. Q.Paşayeva deyib: "Cənab baş katib, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə hələ də dönə bilmir. İndi isə biz Suriyadan, İraqdan köçkün düşərək Avropaya üz tutan insanların problemlərini müzakirə edirik. Sizcə Avropa Şurası və ümumilikdə Avropa, insanları köçkünə çevirən səbəblərə qarşı daha fəal mübarizə aparmalı deyilmi? Yəni problemlərin əsas səbəblərinin həlli istiqamətində Avropa qurumlarının fəallığını daha da artırması vacib deyilmi, sizcə? Və sizin fikrinizcə, bu addımlar necə olmalıdır? Çünki köçkünə çevrilən insanların sayı getdikcə daha da artır və bu vəziyyəti daha da gərginəşdirir”.

 

Müraciətə cavab verən Avropa Şurasını baş katibi deyib: "Mən belə başa düşürəm ki, siz Dağlıq Qarabağ münaqişəsindən irəli gələn məsələyə toxunursunuz. Mən Assambleyada bir neçə dəfə bunu demişəm, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma mən sizinlə o baxımdan razıyam ki, bu münaqişənin təcili olaraq həlli yolları tapılmalıdır. Və bir daha deyim ki, bu münaqişənin həll edilməsi öhdəliyi Azərbaycan və Ermənistan üzərinə düşür. Onların Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öhdəlikləri olduğundan, bu münaqişənin həllində də insan hüquqları məsələləri üstünlük təşkil etməlidir. Bizim hazırda qarşılaşdığımız qaçqınlar probleminin yeganə həlli yolu müharibələrə, münaqişələrə son qoyulmasıdır. Çünki bu qaçqın, məcburi köçkünlər axınını yaradan məhz müharibələrdir. Ona görə də mən, siz qeyd etdiyiniz münaqişənin həlli istiqamətindəki bütün təşəbbüsləri dəstəkləyirəm. Əmin olun ki, münaqişənin həlli yollarının axtarılmasında Avropa Şurasından hansısa töhfələrin verilməsi lazım olsa, mən buna çevik bir şəkildə reaksiya verməyə hazıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar