Qənirə Paşayeva 4 kəndin sakinlərini qəbul edib
27 oktyabr 2015 16:59 (UTC +04:00)

Qənirə Paşayeva 4 kəndin sakinlərini qəbul edib

0

Millət vəkili Qənirə Paşayeva 4 kəndin sakinlərini qəbul edib.

Lent.az-ın məlumatına görə, ali və peşə təhsili olan bir sıra gənclərlə bağlı bəzi qurumlara müraciət edən Q. Paşayevaya müraciət edənlərin arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələr üstünlük təşkil edib. Qənirə Paşayeva həmin xəstələrin müalicə almaları və əməliyyatı üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq onların Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Bundan başqa, Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparıb, bəzilərinin müalicə almaları üçün Əlillərin Bərpa Mərkəzinə yerləşdirilməsini xahiş edib.

Ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin problemi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparan Millət vəkili alimenti ala bilməyən qadınların da müraciətlərini dinləyib.

Görüşdə sosial yardımla bağlı müraciət edən sakinlərin əksəriyyəti kiçik bir məbləğ də olsa krediti olan insanlara sosial yardımın dayandırılmasından şikayət ediblər. Sakinlər millət vəkilindən bu məsələni MM-də və Hökumət üzvləri ilə görüşlərdə qaldırmasını xahiş ediblər.

Bir sıra 1 qrup əlillərə baxan və ailə üzvlərinə müavinət verilməsi ilə bağlı məsələni müvafiq qurumlara çatdıracağını deyən Q.Paşayeva 1-ci qrup əlillərin övladlarının ödənişli ali təhsildən azad edilməsi ilə  bağlı ailələrin təkliflərini də nəzərə alacağını deyib.  

Qənirə Paşayeva “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq kənd sakinlərinin təbii qaz probleminin həllinə dəstək istəyib. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar