Millət vəkili Qənirə Paşayeva Türkiyənin Aydın vilayətində, Nazillidə 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfransda çıxış edib. Lent.az-ın məlumatına görə, millət vəkili çıxışında erməni soyqırımı iddialarının yalan olması, tarixdə ermənilərə qarşı heç bir soyqırımın olmaması, erməni terror və silahlı dəstələrinin türk insanına qarşı həyata keçirdiyi soyqırımlardan söz açıb. O, çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.
“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək perspektivləri barədə də geniş çıxış edən Q.Paşayeva sualları da cavablandırıb və tədbir iştirakçılarına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imazalı hədiyyə edib. Tədbirin sonunda Nazilli bələdiyyə başqanı, Nazilli Kaymakamı millət vəkili Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər. Onun fəaliyyətini yüksək qiymətləndirərək plaket təqdim ediblər və yaxın zamanlarda yenidən konfrans vermək üçün dəvət ediblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva konfransdan sonra bölgənin fəal gənclər təşkilatları və qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi apararaq onları Azərbaycana dəvət edib.