<b>Qənirə Paşayevadan çağırış:</b> “İxtisar etməzdən əvvəl həmin insanla bağlı araşdırma aparın”
19 yanvar 2016 17:46 (UTC +04:00)

Qənirə Paşayevadan çağırış: “İxtisar etməzdən əvvəl həmin insanla bağlı araşdırma aparın”

“İndi biz hamımız biri-birimizi daha çox düşünməliyik, kömək etməliyik. Əgər ailədə təkcə bir nəfər işləyən, ya xəstə varsa, həmin adamı ixtisara salmaq olmaz. Qurumlarımız özlərini o adamların yerinə qoysunlar, sonra addım atsınlar. Bu məsələyə ciddi yanaşmalıyıq”.

Lent.az-ın məlumatına görə, bunu Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin iclasındakı çıxışında deyib.

O, bildirib ki, indiki şəraitdə ixtisarların və iş yerlərinin itirilməsi hallarını azaltmaq üçün çalışmaq lazımdır.  Çünki insanlar üçün iş yerlərini itirmək çox ciddi problemdir: "Bəzi dövlət və özəl qurumların rəhbərləri işçi ixtisara salanda baxmır ki, bu adamın ailəsində başqa işləyən varmı, bu ailənin büdcəsinə ayda nə qədər pul gəlir, bu adam işini itirərsə, onun ailəsi hansı faciələrlə, ağır problemlərlə üzləşə bilər. İnsanları çıxılmaz vəziyyətdə qoymaq olmaz. Mən bütün dövlət və qeyri-dövlət qurumlarını, şirkətləri hər bir işçiylə bağlı ciddi araşdırma aparmağa çağırıram".

 

Millət vəkili eyni zamanda bildirib ki, yeni iş yerlərinin açılması istiqamətində prezidentin verdiyi tapşırıqlar, islahatlar, bu istiqamətdə qanunvericiliyə edilən dəyişikliklər həyata keçirilməli, mane olanlar ciddi şəkildə cəzalandırılmalıdır. “İndi yerlərdə o tapşırıqlara ciddi şəkildə əməl etmək lazımdır. Artıq bu istiqamətdə süni əngəllər tamamilə yığışdırılmalı, əməl etməyənlər ciddi şəkildə cəzalandırılmalıdır. Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın".

Q. Paşayeva inhisarçılıqla mübarizənin önəmindən də danışıb və bildirib ki, bu qiymətlərin aşağı düşməsi, istehlakçıların, aztəminatlı ailələrin qorunması, iqtisadiyyatın inkişafı üçün ciddi məsələdir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar