Prezident İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, komitə sədri Rəşad Mahmud Pakistanın Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlət başçısına çatdırıb.
Pakistan və Azərbaycan arasındakı siyasi, mədəni və dini əlaqələrin qədim tarixə malik olduğunu vurğulayan qonaq ölkələrin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirib.
Prezident İlham Əliyev də öz növbəsində Pakistan Prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin Baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü xatırladaraq ölkələr arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edib.
Prezident İ. Əliyev Azərbaycanın Pakistan ilə bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu da dilə gətirib.
Dövlət başçısı Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə edib.