Prezident Moskva merini qəbul edib
25 sentyabr 2014 16:02 (UTC +04:00)

Prezident Moskva merini qəbul edib

Prezidenti İlham Əliyev Moskvanın meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib.

 

Ölkələrimizin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib.

                                

Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlət başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirib. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd edib.

 

Azərbaycan prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.


Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.


Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının prezidentinə minnətdarlığını bildirən Sergey Sobyanin deyib: “Həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”.

 

Ticarət dövriyyəsinin artmasının vacibliyini vurğulayan Moskva meri bildirdi ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyanin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378
avatar

Oxşar yazılar