Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib. Lent.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, qonaq Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica Kordanonun şəxsi məktubunu dövlətimizin başçısına çatdırdı.
Diyeqo Kanepa Uruqvay Prezidentinin və hökumətinin Azərbaycan ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək və əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün ona birbaşa tapşırıqlar verdiyini bildirib. O, ölkəsinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.
Uruqvaylı qonaq ölkəmizə səfəri zamanı paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.
Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica Kordanonun şəxsi məktubuna görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişaf etdirilməsi baxımından rolunu qeyd edərək, ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu qeyd edib.