Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə Pakistanın milli bayramı münasibətilə təbrik edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına gör, təbrik məktubunda belə deyilir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.
İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Pakistan xalqına sülh və firavanlıq diləyirəm.