Aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb.
APA-TV-nin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Zirvə görüşünün “Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər” mövzusunda açılış sessiyasında çıxış edən ABŞ prezidenti Barak Obama Sammit iştirakçılarını salamlayıb. İlk sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini xatırladan Barak Obama həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.
ABŞ prezidenti dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərilərinə öhdəlik götürdüklərini bildirib. Prezident Barak Obama ötən dövrdə nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzinin formalaşdığını və fəaliyyətlərin qəbul edildiyini deyib. O, bildirib ki, bu, XXI əsrin heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizənin gözəl nümunəsidir.
ABŞ prezidenti nüvə təhlükəsizliyinin ən yüksək prioritet olduğunu, bununla bağlı dövlətlərin öz üzərilərinə 250 öhdəlik götürdüyünü və indiyədək bu öhdəliklərin dörddə üçünün yerinə yetirildiyini diqqətə çatdırıb. O, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkənin əməkdaşlıq qurduğunu, yüzdən artıq dövlətin “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyanı ratifikasiya etdiyini bildirib.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Daha sonra “Nüvə təhlükəsizliyini gücləndirmək üçün beynəlxalq və institusional fəaliyyətlər” adlı işçi nahar olub.
Prezident İlham Əliyev naharda iştirak edib.