Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulun Sultanəhməd meydanında baş vermiş terror hadisəsi ilə bağlı başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.
Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!