Azərbaycan prezidenti İlham Əliyev BMT baş katibinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın BMT strukturlarında son illərdəki fəaliyyəti məmnunluqla qeyd olunub, ölkəmizin BMT çərçivəsində Əfqanıstanla əməkdaşlığının səviyyəsinin razılıq doğurduğu və bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycanın bu ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafa nail olunması istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulanıb.
Dövlət başçısı bu gün həmçinin Bosniya və Herseqovinanın Parlament Məclisi Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsinin əhəmiyyətini qeyd edib.