Prezident İlham Əliyev: "Erməni əsgəri ölmək istəmirsə..."
03 aprel 2016 15:57 (UTC +04:00)

Prezident İlham Əliyev: "Erməni əsgəri ölmək istəmirsə..."

“Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir”.

 

APA-nın məlumatına görə, bunu aprelin 2-də  Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

 

“Həmsədr dövlətlərin başçıları məsələnin həll olunmasına çalışırlar, Ermənistan rəhbərliyinə mesajlar verilib”

Dövlət başçısı deyib ki, Rusiya, ABŞ və Fransa dövlət başçıları dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir, status-kvo dəyişməli və məsələ tezliklə öz həllini tapmalıdır: “Status-kvonun dəyişdirilməsi o deməkdir ki, tezliklə işğal olunmuş torpaqlardan işğalçılar çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra 20 il də davam etsin. Özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparılar. Bu yaxınlarda Rusiya prezidenti və xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürüblər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında, həm də rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildiriblər. Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Görüşlər onu göstərir ki, ABŞ tərəfi münaqişənin tezliklə həll olunmasında çox maraqlıdır. Bilirəm ki, Ermənistan rəhbərliyinə də müəyyən mesajlar, siqnallar verilib. Yəni son vaxtlar Minsk Qrupunun həmsədri olan dövlətlərin başçıları məsələnin həll olunmasına çalışırlar. Amma nüvə sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın. Onların sərəncamında olan satqın KİV-lər, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. İndi bəzi ölkələrin mətbuatlarına nəzər salsanız görərsiniz ki, birtərəfli məlumat yayılır, Azərbaycan ittiham olunur, döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir. Ermənistan ordusu bu gün çox böyük zərbə alıb. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, Ermənistan ordusuna belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ölkələrində ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdim ki, Ermənistan rəhbərliyi itkilərlə bağlı ictimaiyyətə qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın göstərir ki, onlar sadəcə, öz xalqlarını aldatmaq istəyirlər”.

 

 

Prezident İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycan, sadəcə, təxribata cavab verib : "Biz sadəcə bu təxribata cavab vermişik, düz də etmişik. Bizə qarşı yenə təxribat törədərlərsə, yenə də öz cəzalarını alacaqlar. İkincisi, biz öz torpağımızda vuruşuruq, Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir də demək istəyirəm. Ermənistan bütün beynəlxalq normaları pozub, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər beynəlxalq təşkilatların qərar və qətnamələrini saymır. Vəhşi kimi işğal olunmuş torpaqlarda bütün binaları, tarixi abidələri, dini abidələrimizi dağıdıb. ATƏT-in Faktaraşdırıcı Missiyası iki dəfə işğal edilmiş torpaqlarda olub, onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb, bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

APA Baycan

Oxşar yazılar