Prezident forum iştirakçılarını təbrik etdi
17 aprel 2017 19:20 (UTC +04:00)

Prezident forum iştirakçılarını təbrik etdi

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına müraciət edib. Müraciətdə bildirilir:

 

 
"Hörmətli Forum iştirakçıları! 
 
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Qafqazşünasların Birinci Beynəlxalq Forumunun öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
 
Qafqaz qədim sivilizasiya mərkəzi kimi əsrlərdən bəri müxtəlif xalqların qaynayıb qarışdığı və bir-birinin adət-ənənələrinə qarşılıqlı ehtiram göstərərək əmin-amanlıq şəraitində yaşadığı unikal məkan olmuşdur. Tarixi İpək Yolu üzərində yerləşən və hələ erkən dövrlərdən qüdrətli imperiyaların can atdığı bu region özünün müstəsna coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və strateji əhəmiyyətinə görə son əsrlərdə də böyük dövlətlərin geosiyasi maraq dairəsinə düşmüşdür.
 
Postsovet dövründə tarix elminin ideoloji buxovlardan azad olması, həmçinin qafqazşünaslıq sahəsində bir sıra mühüm məsələlərin yeni yanaşmalar işığında daha dərindən öyrənilməsi zərurətini meydana çıxarmışdır. Bu isə Qafqazın uzun müddətdir araşdırıcılar tərəfindən diqqət mərkəzində saxlanılan keçmişi, mədəniyyəti və eləcə də müasir problemləri ilə bağlı təşkil etdiyiniz ilk belə mötəbər beynəlxalq foruma xüsusi aktuallıq qazandırır. Tədbirinizə dünyanın tanınmış elm mərkəzlərini təmsil edən 150-dən artıq alim və tədqiqatçının qatılması təqdirəlayiq haldır. Çoxtərəfli formatda keçirilən yüksək səviyyəli elmi toplantılar xalqlar və ölkələr, müvafiq elmi tədqiqat institutları və alimlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimləri arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcəkdir.
 
Ümidvaram ki, forum çərçivəsində aparacağınız müzakirələr və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində dönüş mərhələsi olacaq, beynəlxalq elmi əməkdaşlığınızın yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət göstərəcək və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir".
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar