Prezident İlham Əliyev sentyabrın 10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
Lent.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Qeyd edilib ki, 4 mərtəbədən ibarət olan 32 nömrəli məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
Dövlət başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub.
Sonra prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəlib. Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da dövlət başçısına məlumat verilib. Bildirildi ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.
Dövlət başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış olub.
Prezident iki orta məktəbdə oldu
1272