“Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət – bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə söyləyib.
Dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki ölkə idxaldan asılı olmasın: “Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək. Mən qeyd etdim ki, biz görülən tədbirlər nəticəsində unun qiymətini əhəmiyyətli dərəcədə aşağı sala bildik. Ancaq biz özümüzü unla, taxılla tam təmin edə bilmirik. Ona görə müəyyən dərəcədə problemlər yaranır. Ancaq bu gün yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidirlər”.
Prezident qeyd edib ki, dövlət öz tərəfindən lazımi tədbirləri görür: “Fermerlər də bu işlərə fəal qoşulublar. Bank sektorunun əlbəttə ki, burada çox böyük rolu olacaq. Əminəm ki, bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru bu sahəyə xüsusi diqqət göstərməlidir. Bu, mənim onlara göstərişimdir. Dövlət özəl banklara kömək göstərir, onları bəzi hallarda xilas edir. Onlar da öz növbəsində dövlətin maraqlarını təmin etməlidirlər. Onlar dövlətə lazım olan sahələrə investisiya yatırmalı, kredit verməlidirlər. Qeyri-neft sektoru dedikdə əlbəttə ki, mən ilk növbədə kənd təsərrüfatı, sənaye istehsalı və emal sənayesini nəzərdə tuturam. Bu istiqamətlərə əlavə vəsait də təmin edilməlidir”.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi islahatlar dərinləşməlidir: “Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırılar yerinə yetirilməlidir. Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik”.
Prezident qeyd edib ki, son illər ərzində bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur: “Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı var. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq”.