<b>"ASAN xidmət” böyük bir inqilabdır" - <span style="color:red;">İlham Əliyev </b>
07 dekabr 2017 18:10 (UTC +04:00)

"ASAN xidmət” böyük bir inqilabdır" - İlham Əliyev

“Qubada “ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. “ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilib. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olub və “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: “O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır.

 

“ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat verib. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir.

 

Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, “ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıb”.

 

“Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində “ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcək və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, “ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. “ASAN”ın öz davranış qaydaları var. Şadam ki, “ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunub, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü “ASAN xidmət”də fəaliyyət göstərib. Yüzlərlə könüllü artıq işlə təmin olunub. Azərbaycanda könüllülər hərəkatına təkan verən də “ASAN” olub. Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstəriblər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə “ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var. Biz “ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. “ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq “ASAN kommunal”, “ASAN viza”, “ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

APA Baycan

Oxşar yazılar