Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, O. əsədov bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra iki ölkə ərasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Spiker əlavə edib ki, Ukrayna nümayəndə heyətinin ölkəmizə bu dəfəki səfəri əlaqələrin daha da inkişafına impuls verəcək. Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə aparılan danışıqlar və müzakirə olunan məsələlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək: "Ötən illə müqayisədə tiçari münasibətlərimizdə 20 faizdən çox artım müşahidə olunur. İnanırıq ki, gələcəkdə bu göstərici daha da artacaq. Qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiqdir. Deputatların qarşılıqlı səfərləri və beynəlxalq təşkilatlarda onları düşündürən məsələlər ətrafında müzakirələr aparılması təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir".
Spiker regional münaqişələrin inkişafa mane olduğunu söyləyərək Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünün qorunması barədə mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını söyləyib. O, prezident kimi ölkəmizə ilk dəfə səfər etdiyini, ölkəsinin Azərbaycanla həyatın bütün sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Qeyd edilib ki, nəqliyyat, neft və qaz daşınmaları, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar var. Birgə layihələrin həyata keçirilməsi də hər iki xalqın mənafelərinə xidmət edir.