Oqtay Əsədov gürcü həmkarı ilə görüşüb
08 iyul 2014 10:49 (UTC +04:00)

Oqtay Əsədov gürcü həmkarı ilə görüşüb

0

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan Parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, spiker qonağı səmimi salamlayaraq bu səfərin əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcəyinə inamını ifadə edib. Bildirilib ki, dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış 100-dən çox hüquqi sənəd münasibətlərin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb: “Bu gün Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Əməkdaşlığımız artıq regional çərçivədən çıxaraq beynəlxalq mahiyyət daşıyır. Münasibətlərimizin bu səviyyəyə çatmasında parlamentlər də mühüm rol oynayır. Deputatların qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət ümumi məqsədlərə xidmət edir. Bu baxımdan  ATƏT PA-nın Bakıda keçirilmiş 23-cü illik sessiyasında  Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin onları narahat edən məsələlərdə eyni platformadan çıxış etmələri təqdirəlayiqdir”.

Spiker qeyd edib ki, Gürcüstanla iqtisadi əlaqələrimiz də yüksələn xətlə inkişaf etməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri  böyük bir regionun tərəqqisinə təkan verməkdədir. Gələcəkdə TAP və TANAP qaz layihələrinin reallaşması isə Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın gələcəkdə işə düşməsi isə hər iki ölkənin beynəlxalq nəqliyyat daşımalarında nüfuzunu daha da artıracaq.
Spiker strateji müttəfiq kimi Azərbaycanla Gürcüstanın ölkələrin ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış etməsini yüksək dəyərləndirib. O, bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstan Parlamentinin sədri David Usupaşvili ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini  və həyati əhəmiyyət daşıyan məsələlərdə mövqelərin üst-üstə düşməsini yüksək qiymətləndirib. Qonaq Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasından da söhbət açıb. 
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iqtisadi, siyasi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 787

Oxşar yazılar