Nazirlik: Başqaları təqsirli olsa, onlar da cəzalandırılacaqlar-AÇIQLAMA
10 yanvar 2013 22:23 (UTC +04:00)

Nazirlik: Başqaları təqsirli olsa, onlar da cəzalandırılacaqlar-AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyi Şəmkir Hərbi Birləşməsinin bir neçə yüksək rütbəli zabitinin cəzalandırılması ilə bağlı xəbəri təsdiqləyib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq deyib ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı istintaq prosesi aparılması ilə əlaqədar cəmiyyət məlumatlandırılıb: ”Əlbəttə, bu çox ağır itkidir. Respublika Hərbi Prokurorluğu ilə birgə bəyanatımızda da bu, qeyd olunub. Ancaq nə etməliyik ki, bu cür amansız təsadüflərdən bəzən qaçmaq olmur. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı Ceyhunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir”.

 

E. Sabiroğlu deyib ki, ölüm hadisəsi ilə bağlı müdafiə nazirinin göstərişi ilə qurumun müvafiq strukturları tərəfindən C. Qubadovun xidmət etdiyi hərbi hissədə dərhal araşdırmalara başlanılıb: “ Respublika Hərbi Prokurorluğunda da öz növbəsində ölüm faktı üzrə cinayət işi qaldırılıb, hazırda istintaq gedir. Ölümə səbəb olan vəziyyətin tam dəqiqləşdirilməsi üçün nazirlik Hərbi Prokurorluqla birgə hərtərəfli araşdırmaları davam etdirir. Nəticə barədə ictimaiyyət bilgiləndiriləcək”.

 

E. Sabiroğlu onu da qeyd edib ki, əsgər Qubadovun ölümü ilə bağlı səslənən döyülmə iddiaları üzərində də ciddi araşdırmalar aparılır: “ Nazirliyin rəhbərliyi bu məsələyə xüsusilə diqqət yetirir. Təqsirkarların məsuliyyətə cəlb ediləcəyinə kimsənin şübhəsi olmasın. Bir məqama toxunmağı vacib hesab edirik ki, gənc Ceyhunun ölümünə ictimai diqqətin həssas münasibətini dərk edir və buna anlayışla yanaşırıq. Burada qətiyyən başqa bir çalar axtarmaq və ya güdmək niyyətimiz yoxdur”.

 

E. Sabiroğlu deyib ki, C. Qubadovun olümü ilə bağlı aparılan araşdırmalar hərbi hissədə müəyyən intizam qaydalarının pozulması hallarını ortaya cıxarıb: “Müdafiə nazirinin müvafiq əmri ilə Şəmkir Hərbi Birləşməsinin bir neçə yüksək rütbəli zabiti yol verdikləri qüsurlara və nöqsanlara, şəxsi heyətə nəzarəti düzgün təşkil etmədiklərinə görə intizam qaydasında ciddi şəkildə cəzalandırılıblar”.

 

Mətbuat xidmətinin rəisi bildirib ki, nazirin əmrinə əsasən, təqsirkar zabitlərə şiddətli töhmətdən tutmuş, hərbi rütbələrin endirilməsinə qədər müxtəlif cəzalar verilib: “Eyni zamanda bəzi zabitlər tutduqları vəzifədən azad olunublar. Araşdırmalar nəticəsində başqa şəxslərin də təqsiri aşkar edilərsə, onlar da cəzalandırılacaqlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438
avatar

Oxşar yazılar