Elmar Məmmədyarov: "...qeyri-rəsmi danışıqlar aparırıq"
13 noyabr 2014 17:29 (UTC +04:00)

Elmar Məmmədyarov: "...qeyri-rəsmi danışıqlar aparırıq"

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin iclasında çıxış edib. Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir E. Məmmədyarov çıxışında bu gün Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyinin başa çatdığını bildirib: “Bildiyiniz kimi bu, mənim ölkəmin 2001-ci ildə Avropa Şurasına tam və bərabərhüquqlu üzv seçilməsindən sonra ilk sədrliyi olub. Mövcud vəziyyətdə mən bildirməkdən fəxr duyuram ki, Azərbaycan sədrliyi dövründə Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Bu altı ay qitəmizin tarixində çox gərgin keçib. Bunu nəzərdə saxlayaraq, Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub”.

E. Məmmədyarov Azərbaycanın sədrliyi dövründə görülən işlər barədə iştirakçıları ətraflı məlumat verərək qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sədrliyin prioritet vəzifələrindən birini təşkil edib. “Mənim ölkəm Bakı şəhərində 30 iyun-1 iyul 2014-cü il tarixlərində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlar və milli təcrübələr üzrə konfrans təşkil etməklə Avropa Şurasının səylərinə töhfə verib. Konfransda anti-korrupsiya qanunvericiliyi, korrupsiyaya qarşı preventiv tədbirlər, beynəlxalq əməkdaşlıq və ayrı-ayrı ölkələrin müvəffəqiyyətləri və üzləşdiyi problemlər kimi aktual məsələlər müzakirə edilib. Azərbaycan Avropa Şurası idman nazirlərinin sentyabr ayında İsveçrənin Makolin şəhərində keçirilən 13-cü konfransında “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nın imzalanmasından xüsusi məmnunluq duydu. Bu konvensiya artmaqda olan korrupsiya fenomeninə qarşı mübarizədə əsas alət olacaq. Biz bu sənədin 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarından öncə qüvvəyə minməsi üçün tezliklə ratifikasiyası üçün tələb olunan sayın əldə olunacağına inanırıq. Sentyabr ayında Bakı şəhərində “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu məsələnin Avropa Şurası tərəfindən ilk dəfə müzakirə olunması xüsusi qeyd edilməlidir. Konfransda Azərbaycan qabaqcıl təcrübələrin mübadilə edilməsi üçün dövlət xidmətlərini göstərən agentliklərin beynəlxalq platformasının yaradılması təklifini qaldırıb. Biz üzv dövlətlərdən Avropa Şurasının məqsədlərinə nail olunmasında böyük rol oynayan bu təşəbbüsü dəstəkləmələrini gözləyirik. Müxtəlif mədəniyyətli cəmiyyətlərin birləşməsi Azərbaycanın sədrliyinin prioritetləri arasında olub. Sentyabr ayının əvvəllərində Bakı şəhərində “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə 2014-cü il üçün Avropa Şurasının mübadilə görüşü keçirilib. Bu geniş fəaliyyət xətti çərçivəsində Bakı həmçinin Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsinə, “Avropa İrs Günləri”nin qeyd edilməsi tədbirinə, “Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu”na da ev sahibliyi edib. Sədrlik çərçivəsində həmçinin “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində onun nailiyyətlərini möhkəmləndirmək məqsədilə Azərbaycanın Qəbələ şəhərində forum təşkil edilib. Azərbaycan özünün növbəti prioritetinə uyğun olaraq hər kəsin ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlara çıxışını təmin etmək üçün Avropa Şurasının öhdəliklərini tamamlamağa çalışıb. Bu kontekstdə biz Avropa Şurasının sosial həmrəylik strategiyasını və fəaliyyət planını nəzərdən keçirmək üçün ötən sentyabr ayında Bakı şəhərində konfrans təşkil etdik. Milli insan hüquqları institutlarının qadınların hüquqlarının təmin edilməsində oynaya biləcəyi rol iyun ayında Bakı şəhərində keçirilmiş Avropa ombudsmanlarının konfransında geniş müzakirə edilib. Sədrliyi ərzində Azərbaycan gənclər və təhsil məsələlərinə də diqqət ayırıb. Avropa Şurasının bu sahədəki səylərinə dəstək vermək məqsədilə Azərbaycan bəzi hallarda Avropa Şurasının coğrafiyasından kənara çıxan bir sıra beynəlxalq tədbirlər təşkil edib. Bakı şəhərində keçirilən Avropa Şurasının “Demokratik Vətəndaşlıq və İnsan Hüquqları sahəsində Təhsil” Xartiyasının koordinatorlarının görüşünün, “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfransın və Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasının məqsədi təşkilatımızın səylərini təkmilləşdirmək olub”.

 

Nazir vurğulayıb ki, Azərbaycan hal-hazırda Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq haqqında qətnamə layihəsi üzrə BMT-də konsensus əldə etmək üçün qeyri-rəsmi danışıqlar aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar