"Hesab edirəm ki, bu sərəncam müsbət bir addımdır"
Bunu Lent.az-a açıqlamasında Azərbaycan prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı münasibət bildirən Müsavat Partiyası başqanı Arif Hacılı deyib:
"Mən bu sərəncamı Novruz Bayramı ərəfəsində müsbət bir hadisə hesab edirəm. İlk növbədə uzun müddət həbsdə qalan insanların ailələrini təbrik edirəm. Hesab edirəm ki, bu müsbət bir addımdır. Hazırda Rauf Mirqədirovun yanındayam. Bu gün şad bir xəbər almışdıq. İndi də buradan dərhal azadlığa çıxmış müavinlərimin və digərlərinin yanına gedəcəm. Onların ailələrinə şəxsən gözaydınlığı verəcəm. Yəqin ki, ilk olaraq Tofiq Yaqublugilə gedəcəm".
Qeyd edək ki, bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı bir çox tanınmış şəxslərə şamil edildi və kifayət qədər əlamətdar oldu. Lent.az xəbər verir ki, əfv edilənlər arasında Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat sədrinin müavinləri Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlı, NİDA-çılar Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov, Ömər Məmmədovun adları var.