“Bandotdel”də Arif Hacılıya XƏBƏRDARLIQ edilib - YENİLƏNİB
13 yanvar 2016 16:27 (UTC +04:00)

“Bandotdel”də Arif Hacılıya XƏBƏRDARLIQ edilib - YENİLƏNİB

 

Bu gün Müsavat başqanı Arif Hacılının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbi məlum olub.

 

Partiyadan APA-ya verilən xəbərə görə, A. Hacılıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovla görüşdə bildirilib ki, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etirazların təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. S. Əzimov Müsavat başqanına bununla bağlı xəbərdarlıq edib.

 

A. Hacılı isə kütləvi aksiyalar haqqında partiyanın qərar verilmədiyini deyərək, təşkil olunacaq aksiyaların dinc və qanuna uyğun keçiriləcəyini vurğulayıb.

 

***

15:22

Bu gün Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

 

Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşü artıq başa çatıb.

 

Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

 

**

14:39

Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

 

Lent.az basta.info-ya istinadən xəbər verir ki, bu gün BMCMİ-dən nümayəndə Müsavat Partiyasının qərargahına gələrək bu barədə Arif Hacılını məlumatlandırıb.

 

Bildirilib ki, Arif Hacılı idarənin rəisi general Seyfulla Əzimov tərəfindən qəbul olunacaq. Dəvətin səbəbi barədə məlumat verilməyib.

 

Arif Hacılı bu gün saat 15:00-da  BMCMİ-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar