Dövlət müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi münasibəti ilə görkəmli tarixçi alim, Milli Məclisin deputatı, professor Musa Qasımlının iri həcmli “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003) kitabının I hissəsi çapdan çıxıb. Lent.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının diplomatiya tarixi” seriyasından hazırlanan və iki hissədən ibarət olan bu əsər 1991-2003-cü illərin xarici siyasət tarixini əhatə edir.
Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin ən mötəbər mənbələrinin, Praqada ATƏT arxivinin, Vyanada BMT kitabxanasının materialları əsasında Azərbaycan diplomatiyasının keçdiyi yol araşdırılıb. Müəllif əsərin I hissəsində XX əsrin sonlarında, dağılma ərəfəsində SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri, Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin qurulması və inkişafı problemlərindən bəhs edir.
Monoqrafiyanın II hissəsində isə Azərbaycanın Avropa dövlətləri, ABŞ, Asiya və Afrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadiyyat amilinin rolu və s. məsələlər tədqiq edilib. Əsər diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlar, Azərbaycan Respublikasının xarici siyasət və diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Monoqrafiya gələcək tədqiqatlar üçün yeni istiqamətlər açır.