Misirdəki səfirmiz yerli telekanala müsahibə verib
18 yanvar 2013 22:51 (UTC +04:00)

Misirdəki səfirmiz yerli telekanala müsahibə verib

 Azərbaycanın Qahirədəki səfiri Şahin Abdullayev Misirin aparıcı peyk kanallarından olan “Birinci” kanala müsahibə verib. Lent.az -a Azərbaycanın Misirdəki səfirliyindən daxil olan məlumatda bu haqda bildirilib.

 

Müsahibəsində səfir Ş.Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında geniş danışaraq, SSRİ prezidenti M.Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qanlı hadisələr barəsində tamaşaçılara ətraflı məlumat verib.  

 

Səfir 25 yanvar 2011-ci ildə Misirdə baş qaldırmış ümumxalq etirazları zamanı ordunun xalqın yanında olduğunu xatırladaraq, Azərbaycan xalqının əvəzsiz töhfələr və yardımlar verdiyi XI Qızıl ordunun isə Azərbaycan xalqının dinc nümayişinə divan tutduğunu vurğulayıb.

 

Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini boğmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının  açıq hərbi təcavüz forması almasına baxmayaraq, Səfir Ş.Abdullayev Azərbaycan xalqının öz qətiyyətli yolundan dönmədiyini və qan bahasına da olsa, öz müstəqilliyini yenidən etdiyini qeyd edib.  

 

Müstəqillik dövründən danışan Ş.Abdullayev Azərbaycan xalqının tələbi ilə zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini bildirərək, bu ildə təcavüzkar Ermənistanla atəşkəsə nail olunduğunu, eləcə də həmin ildən etibarən ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların aparıldığını, həmin islahatlar çərçivəsində Azərbaycan xalqının rifahını təmin edən “Neft strategiyası”nın işlənilib hazırlandığını və Neft Fondunun təsis edildiyini nəzərə çatdırmış, Azərbaycanın BMT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edildiyini deyib.

 

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra ölkəmizin əldə etdiyi hərtərəfli nailiyyətlər barəsində də ətraflı məlumat verib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri haqqında ətraflı danışan səfir münaqişənin həlli prosesi haqqında məlumat verərək, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin hələ də öz həllini tapmadığını bildirib.

 

Müsahibə əsnasında Azərbaycan-Misir əlaqələrindən danışan səfir ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq əlaqələrinin olduğunu qeyd edib və Azərbaycanın bundan sonra da Misir ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar