Milli Məclisdə Metsamor AES müzakirə edildi
18 mart 2016 13:03 (UTC +04:00)

Milli Məclisdə Metsamor AES müzakirə edildi

 

 

Milli Məclisdə “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəliş edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına gör, sənədi Milli Məclis sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib. O deyib ki, Konvensiya 1979-cu il oktyabrın 26-da qəbul olunub və 1980-ci il martın 3-dən qoşulmaq üçün açıqdır: “Biz həmin Konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. Daha sonra Konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq. Düzəlişlərə müvafiq olaraq Konvensiyanın preambulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, fövqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və sair məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur”.

 

Çıxış edən Deputat Bəxtiyar Əliyev bildirib ki, Ermənistan öz atom elektrik stansiyasının tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır. Deputat Hikmət Məmmədov hesab edir ki, nüvə tullantılarının çaylar vasitəsilə Azərbaycana axıdılması, yaxud işğal zonasında basdırılması faktları davamlı şəkildə beynəlxalq təşkilatların nəzərinə çatdırılmalıdır: “Biz peykimiz vasitəsilə nüvə tullantılarının basdırıldığı həmin əraziləri dəqiqləşdirib, konkret sübutlarla beynəlxalq təşkilatlara müraciət etməliyik”.

 

Sədr Oqtay Əsədov deyib ki, Metsamor AES-lə bağlı məsələ bütün beynəlxalq təşkilatlarda, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyində qaldırılıb: “İşğal altındakı ərazidə nüvə tullantılarının basdırılması mümkündür. Amma təki biz o torpaqları qaytaraq, basdırılan tullantıları hara göndərməyi biləcəyik”.

 

Deputat Elman Məmmədov Ermənistanın Azərbaycana qarşı daha bir təhlükəli fəaliyyətinə diqqət çəkib: “Ağdərənin Çıldıran və Drmbon ərazisində uran yataqları var. Ermənistan illərdir həmin yataqları istismar edir və oradakı tullantılar Xaçın və Tərtər çayları vasitəsilə digər Azərbaycan ərazilərinə axıdılır”.

 

Daha sonra sənəd səsə qoyularaq təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar