Millət vəkilləri Əkrəm Əylislini topa tutdular
01 fevral 2013 12:44 (UTC +04:00)

Millət vəkilləri Əkrəm Əylislini topa tutdular

 

 

 

 

“Əkrəm Əylisli Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırım törətməkdə ittiham edib, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb”. Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Musa Quliyev söyləyib.

 

Millət vəkili, YAP icraçı katibi Əli Əhmədov deyib ki, Əkrəm Əylisli “Daş yuxular” əsərində Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırır. Onun sözlərinə görə, Əkrəm Əylisli bu ziyanlı əsəri ilə ermənilərin Azərbaycan torpaqlarına haqsız iddialarına zəmin yaradır: “Ən azı sadaladığım bu günahlar Əkrəm Əylislinin bu romanının Azərbaycanda dərc olunmasına qadağa verməyə əsas verir. Azərbaycan xalqını aşağılamış yazıçının xalq yazıçısı adı daşımağa haqqı yoxdur. “İstiqlal”,“Şöhrət” ordenlərini də daşımağa haqqı yoxdur”.

 

Millət vəkili İqbal Ağazadə çıxışında “Binə” Ticarət Mərkəzində baş verən aksiyaya toxunub: “Sahibkarlar arasında həbs edilənlər var. Kütləvi etiraz varsa, niyə hakimiyyət bunun səbəbləri ilə maraqlanmır? İsmayıllıda baş verən hadisə ilə bağlı da saxlanılanlar var. Axı o insanlar niyə küçələrə çıxmışdılar? Öncə səbəb araşdırılmalıdır. Tutaq ki, qoluzorlu bazar sahibi sahibkarların qarşısına çıxıb, istədiyini danışır. Digər tərəfdən, bir rayonun 3-5 min insan küçəyə çıxıb etirazını bildirirsə, bunun səbəbi araşdırılmalıdır”.

 

Millət vəkili Zahid Oruc qeyd edib ki, Əkrəm Əylislinin yazdıqları qarşıdakı yüz ildə ermənilərin əlində bayraq olacaq: “Biz Əkrəm Əylislinin çarmıxa çəkilməyini istəmirik. Amma o xalq yazıçısı adından uzun illər bəhrələnib, sonra da belə əsər yazır...”

 

Zahid Oruc hansısa dairələrin Rusiyayla Azərbaycanı toqquşdurmaq istədiyini söyləyib: “Heydər Əliyev və prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkənin münasibətləri normallaşıb. Bu münasibətlərin pozulmasına yol vermək olmaz”.

 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Əkrəm Əylislinin romanı Azərbaycan həqiqətlərinin təbliğinə böyük bir zərbədir və ermənilər bundan istifadə edəcəklər: “Bu, xarici siyasətimizə zərbə olacaq. Bu, erməni yalanlarına bəraət qazandırır”.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Oxşar yazılar