Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, iclasda İkram Ağayevin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2011-ci il 17 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Esmira Tahir qızı Qocayevanın “Milli Maşın Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İkram Aydın oğlu Ağayevə və digərlərinə qarşı iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2011-ci il 17 yanvar tarixli qərarının təsis paylarının bölüşdürülməsi və Esmira Qocayevaya məxsus payın mülkiyyətinə verilməsi hissəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416-cı, 417.1.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.