Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a komitədən məlumat verilib.
Dövlət Gömrük Komitəsinin sədri türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sferasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışmış, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib. Türkdilli ölkələr arasında əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinin sürətləndirilməsi ilə bağlı birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri A. Əliyev isə öz növbəsində bildirib ki, bu gün Azərbaycanın əsas sərhəd qapılarında beynəlxalq standartlara tam cavab verən, müasir texniki-nəzarət vasitələri ilə təmin edilən gömrük keçid məntəqələri inşa edilərək Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, beləliklə bu məntəqələrdə yoxlama müddəti zamanı vaxt itkisi minimuma endirilib.
Artıq ölkə sərhədlərində Azərbaycan tərəfdən bu kimi problemlərin yaşanmadığını qeyd edən Komitə sədri gələcəkdə qarşı tərəflərin də bu cür halların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirəcəklərinə ümidvar olduğunu bildirib.