Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın Fövqaladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, görüşdə respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ötən illər ərzində nazirliklə bp şirkəti arasında fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışılıb.
Görüşdə həmçinin əməkdaşlıq çərçivəsində son illər ərzində həyata keçirilmiş birgə təlimlərin əhəmiyyəti qeyd edilib, gələcəkdə də “bp-Azərbaycan” şirkəti ilə Fövqəladə Hallar Nazirliyi arasında imzalanmış Qarşılıqlı Fəaliyyət Planına əsasən bu kimi birgə tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Öz növbəsində Qordon Birrel şirkətlə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.