“Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb”.
APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapdığı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq: “Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir”.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir: “Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. 21-ci əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir. Torpaqlarımız işğaldan azad ediləndə Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər. BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir. İşğal olunmuş ərazilərdə məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyası da regiona etdiyi hər iki səfərində bunu təsdiq edib. Bu gün Yaxın Şərqdə də tarixi abidələrin dağıdılmasını müşahidə edirik. Ancaq bundan əvvəl Azərbaycanın tarixi abidələri dağıdılıb, zamanında bunun qarşısı alınmayıb”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisi 8 milyon nəfər olanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: “Həmin dövrdə Azərbaycan iqtisadiyyatı tənəzzüldə idi. Biz dövlətimizi qurduq, ölkəni sərmayələr üçün açıq elan etdik. Bu gün siyasi və iqtisadi islahatları davam etdiririk. Azərbaycanda siyasi, iqtisadi, dini azadlıqlar, ifadə azadlığı təmin edilib. Əhalinin 70 faizi internet istifadəçisidir”.
**
10:05
Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb.
Lent.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açdı.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyir.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Dördüncü Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.