İsmayıllının icra başçısı: “Mənim elə bacım nəvəsi yoxdur” – AÇIQLAMA
24 yanvar 2013 16:43 (UTC +04:00)

İsmayıllının icra başçısı: “Mənim elə bacım nəvəsi yoxdur” – AÇIQLAMA

“Mən vətəndaşları bu gün də gözlədim ki, gəlsinlər, danışıqlar aparaq, amma gəlmədilər. Ümumiyyətlə, dünənki hadisə ilə bugünkü hadisələr arasında fərq var. Bu gün artıq müəyyən qüvvələr vətəndaşlar arasında təbliğat apararaq bu məsələni siyasiləşdirirlər”. Bunu APA-ya açıqlamasında İsmayılı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov deyib.

 

N. Ələkbərov bildirib ki, bu hadisələrin İcra Hakimiyyətinin başçısı kimi onunla heç bir bağlılığı yoxdur: “Daim rayon əhalisi ilə görüşürəm, onlar məni şəxsən tanıyırlar. Bu gün səhər də İcra Hakimiyyətinin binasından piyada bazara tərəfə getdim, heç kim mənə yaxınlaşıb nəsə demədi. Deyilənə görə, etiraz edənlər istefam barədə şüarlar səsləndiriblər. Mən 50-60 nəfərin yox, 82 min əhalisi olan bir rayonun rəhbəriyəm”.

 

İcra başçısı hadisənin iştirakçısı olan və sonradan saxlanılan Emil Şəmsəddinovun onun qohumu olması barədə deyilənləri də təkzib edib: “Mənim elə qohumum yoxdur. Deyirlər ki, Emil Şəmsəddinov mənim bacım nəvəsidir. Bacım məndən yaşca balacadır, onun necə bu yaşda nəvəsi ola bilər?”

 

N. Ələkbərov hadisə zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun rayonda olması barədə deyilənlərin də həqiqətə uyğun olmadığını bildirib.

 

“İsmayıllıda baş verənlərin ötən il Quba rayonunda baş verən hadisələrə oxşarlığı varmı” sualına İH başçısı belə cavab verib: “Quba hadisələri İcra Hakimiyyəti başçısının vətəndaşlara qarşı münasibəti ilə bağlı idisə, İsmayıllıda baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. Bu mənim tanımadığım iki nəfər arasında avtomobil qəzasından sonra baş verən münaqişədir. Bu hadisələrin mənimlə heç bir əlaqəsi yoxdur. Mən öz işimi davam etdirirəm”.

 

N. Ələkbərov hadisə baş verən “Çıraq” otelinin də onunla heç bir bağlılığının olmadığını açıqlayıb: “Mənim evimə də hücum olub, yandırmağa cəhd ediblər. Bu da müəyyən qüvvələrin məsələni siyasiləşdirmək cəhdləri idi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11956
avatar

Oxşar yazılar