Azərbaycan prezidenti Dağlıq Qarabağ danışıqları barədə iranlı həmkarını məlumatlandırıb - YENİLƏNİB
07 avqust 2016 15:15 (UTC +04:00)

Azərbaycan prezidenti Dağlıq Qarabağ danışıqları barədə iranlı həmkarını məlumatlandırıb - YENİLƏNİB

 

“Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Mən bu gün münaqişənin tənzimlənməsi sahəsində son vəziyyəti İran prezidentinə çatdırdım, danışıqların son durumu barədə geniş məlumat verdim. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağla yanaşı, ətraf 7 rayon da bu gün Ermənistanın işğalı altındadır. Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub. Münaqişənin həlli üçün işğalçı qüvvələr işğal edilən torpaqlardan çıxarılmalıdır. Bu, BMTqətnamələrində də əksini tapıb. İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Ermənistanın aprel təxribatı pisləndi, kontakt qrupu yaradıldı”.

 

Aprel təxribatlarından söz açan prezident İlham Əliyev bildirib ki, Azərbaycan məcburiyyət qarşısında qalaraq torpaqlarını və əhalisini qorumaq üçün addımlar atıb: “Bu addımlar çox təsirli oldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

 

 

xxxx

 

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında təkbətək görüşdən sonra geniş tərkibli görüş keçirilib.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev geniş tərkibli görüşdə deyib ki, bu səfərə çox böyük əhəmiyyət verir.

 

Dövlət başçısı bildirib ki, səfərin çox uğurlu olacağına və əlaqələrin inkişafına təkan verəcəyinə inanır: “Bu səfərlər göstərir ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bu gün ikitərəfli görüş zamanı siyasi, iqtisadi məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var və münasibətləri bu anlaşma əsasında qururuq. Son illər iki ölkə arasında əlaqələr çox sürətlə inkişaf edir, bu inkişaf 25 illik münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb. İnanıram ki, siyasi, iqtisadi və digər sahələrdə əlaqələr daha da inkişaf edəcək. Bu gün də bir neçə sənəd imzalanacaq. İran və Azərbaycan əlaqələri bundan sonra da dostluq əsasında daha da inkişaf edəcək ”.

 

Öz növbəsində, İran prezidenti Həsən Ruhani Azərbaycan prezidentinin İrana son səfərinin çox uğurlu olduğunu bildirib: “Bu gün iki ölkə arasında mühüm sənədlər imzalanacaq. Sabah isə üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdə də müxtəlif məsələləri təhlil edəcəyik. Əminəm ki, iki ölkənin əlaqələri səmimi əsaslarla qurulub. İki qonşu və qardaş ölkə kimi münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Xalqlarımız ən yaxşı əlaqələrin qurulmasını, bu münasibətlərin regionda sabitlik və sülhün bərqərar olmasında rol oynamasını istəyir”.

 

xxxx

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

xxxx

 

Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü olub. Lent.az AzərTAc- istinadən xəbər verir ki, avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

 

xxxx

 

12;48

 

Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü keçirilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

 

 

xxxx

 

 

11:58

 

 

Bu gün Azərbaycana səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

 

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

 

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İran və Azərbaycanın dövlət himnləri səslənib.

 

Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.

 

xxxx

 

10:58

 

İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar