Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr mümkün qədər çox sahələri əhatə etməsi vacibdir.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edərkən deyib.
İlham Əliyev qarşılıqlı səfərlərin ölkələr arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğulayıb.
Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrin inkişafında vacib rol oynadığını deyən dövlət başçısı bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu deyib.
Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlət başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə edib.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən prezident İlham Əliyev bu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Hər iki ölkənin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi isə Azərbaycan ilə Qətər arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib.
Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində Qətər Dövlətinin Əmirinin rəhbərliyi ilə nəhəng layihələrin həyata keçirildiyini qeyd edib, eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu və Prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğuladı.
***
10:18
Fevralın 20-də prezident İlham Əliyev Qətərin təhsil və ali təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.