Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək onu ad günü münasibətilə təbrik edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, telefon danışığı zamanı prezident İlham Əliyev Rusiyada keçirilən parlament seçkilərində “Edinaə Rossiə” partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bununla Rusiya xalqı Vladimir Putinin həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirib.
Daha sonra dövlət başçısı Rusiya Prezidentinin Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma göndərdiyi məktuba və Rusiya tərəfinin forumda yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını bildirib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə öz növbəsində göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdıran V.Putin bildirib ki, Azərbaycan xalqı bu referendumda səs verməklə Prezident İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.