İraqın paytaxtı Bağdadda işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 11-ci konfransında, “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” başlıqlı və iki qurum arasında Xocalısoyqırımının tanıtdırılması istiqamətində iş birliyini nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib. Bu barədə APA-ya İKGF-nin mətbuat mərkəzindən bildirilib.
Məlumata görə, 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir, Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır.
Qətnamədə həmçinin soyqırımı törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa da öz əksini tapıb.
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb, hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.