Lənkəran Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası yerli təşkilatının yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirinin keçirilməsini məqsədəmüvafiq hesab etməyib. Bu barədə APA-ya Müsavat başqanının müşaviri Yadigar Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovun imzası ilə göndərilən məktubda bildirilir: “Müsavat Partiyasının sədri İsa Qəmbərin Lənkərana siyasi təbliğat xarakterli 13.01.2013-cü il tarixli gəlişinə kəskin etirazlarını bildirmiş yerli sakinlərin Müsavat Partiyasının rəhbərliyi tərəfindən mətbuatda və internet səhifələrində biabırçı şəkildə təhqir olunması, əxlaqsız sözlərlə şərəf və ləyaqətlərinin alçaldılması əhalinin ciddi narazılığına səbəb olmuş və hiddətlə qarşılanmışdır. Bununla əlaqədar şəhər İcra Hakimiyyətinə, eləcə də şəhər-rayon polis şöbəsinə sakinlərin etiraz və narazılıqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur”.
Lənkəran Şəhər İcra Hakimiyyəti bütün bunları nəzərə alaraq Müsavat Partiyası rəhbərlərinin iştirakı ilə yanvarın 27-də Lənkəran şəhərində keçirilməsi planlaşdırılan tədbirin təhlükəsiz baş tutmasını mümkünsüz hesab edir: “İcazəsiz tədbir keçirəcəyiniz təqdirdə, baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə sizin üzərinizə düşür”.