Cəmiyyətin tarixi təbiətin tarixindən hər şeydən əvvəl onunla fərqlənir ki, birincini insanlar yaradır, ikincisi öz-özünə baş verir. Xalqımızın tarixində bu tarixi yaradan görkəmli şəxsiyyətlər, dövlət xadimləri və sərkərdələr az olmayıb. Şah İsmayıl Səfəvi bu tarixi şəxsiyyətlər içində ən parlaq simalardan biridir. 1501-ci ildə I Şah İsmayıl tərəfindən yaradılmış və 200 ilə yaxın mövcud olmuş Azərbaycan Səfəvilər dövləti dünya tarixinə orta əsrlərin ən nəhəng dövləti kimi düşüb və bu müddətdə, bəlkə də ən böyük nailiyyəti Azərbaycan dövlətçilik ideologiyasını, müstəqil dövlətçilik fəlsəfəsini xalqımızın qan yaddaşına yazması olub.
Əsas məqsəd
Karl Marksın fateh kimi dəyərləndirdiyi heyrətamiz insan Şah İsmayılın həyat tarixçəsinin parlaq səhifələri, xalqına və dövlətinə, doğma dilinə sonsuz məhəbbəti, misilsiz sərkərdəlik şücaətləri hər bir azərbaycanlı üçün qürur və şərəf ünvanıdır. İyirmi üç illik hakimiyyəti dövründə bu böyük fateh ərazisi 2 milyon 800 min kvadrat tkilometr olan əzəmətli və müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu kimi tariximizin şanlı səhifələrindən birini yazıb. Bu gün Azərbaycan öz tarixinin və tarixi şəxsiyyətlərinin həqiqi sahibinə çevrildiyi, onların müqəddəs ruhu qarşısında günahlarını yuduğu, onların adlarını əbədiləşdirdiyi, irslərini gələcək nəsillərə tanıtmağa başladığı bir vaxtda, hələ xalqı və milləti adına bir quruş dəyərində belə xidməti olmayan Güntay Gəncalp, İskəndər Pala kimi içinə məzhəb ədavəti hopmuş qondarma tarixçilər, cızmaqaraçılar nə haqla və hansı məqsədlə Azərbaycanın şərəf tağlarından biri olan Şah İsmayıl Səfəvinin adına çamur və çirkab atırlar?
Güntay Gəncalpın “Səfəvilər” kitabında çoxsaylı bəsit və ağlasığmaz mülahizələr var. XVI əsr siyasi mühitinin və düşüncə tərzinin necə olduğunu təsəvvür edə bilməyən Gəncalp şiəliyi bayraq edən səfəviləri və xüsusən Şah İsmayılı nəzərdə tutub yazır ki, etnik mənsubiyyət duyğusu səfəvilərdən başlayaraq sönməyə doğru gedib. Yəni Azərbaycan türkləri ilə Osmanlı türkləri arasındakı etnik duyğu. Bu adam başa düşmür ki, hegemonluq uğrunda mübarizədə etnik duyğu ikinci plana keçir. Kim öz taxt-tacını və müstəqilliyini etnik mənsubiyyətinə qurban verər? Məgər amerikalı-ingilis müharibəsində eyni bir millət bir-birini qırıb-tökməmişdir? Bəs o dövr ABŞ və ya İngiltərə hökumətlərini qınayan bir tarixçi varmı? Yox! Dünyada heç bir dövlət öz müstəqilliyini etnik duyğuya qurban verməz, ay Güntay Gəncalp!
Bu günlərdə hörmətli həmkarım, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət xanım Aslanovanın “Sonuncu fateh” romanımın Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş təqdimat mərasimində etdiyi çıxışın bir fraqmenti salonda oturanların ürəyini ağrıtdı. “Nə üçün dünyada fatehlərin və sərkərdələrin heykəlləri adətən at belində, ancaq Şah İsmayıl Xətainin heykəli isə (Xətai rayon ərazisində) oturmuş halda təsvir olunub?”.
Rəbiyyət xanım haqlı idi. Böyük sərkərdə, Azərbaycan dövlətinin yaradıcısı oturaraq başını aşağı dikib. Özü də çox mükəddər, çox dalğın, çox qəmgin və miskin bir vəziyyətdə düşüncələrə dalıb. Görən bu abidənin müəllifi əzəmətli dövlət xadimini və ömrünü atın üstündə başa vuran böyük sərkərdəni bu cür təsvir etməklə nə demək istəyib?
Mən son vaxtlar Güntay Gəncalp, İskəndər Pala kimi insanlara dəstək verən və bunu həm yazılı, həm də internet resurslarında, gənclərimizi, yeniyetmələrimizi çaşdıran müxtəlif çızmaqaralarla bəyan edən insanların özlərini Azərbaycan vətəndaşı saymalarından dəhşətə gəlirəm. Müxtəlif tarixi məxəzlərə, Azərbaycan tarixinin araşdırıcılarının əsərlərinə yenidən nəzər salıb belə insanlara cavab yazdığım bir vaxtda cağdaş fəlsəfi fikir tariximizin görkəmli nümayəndəsi, böyük dövlət xadimi, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” zəngin tarixi faktlara söykənən dərin məzmunlu əsərini birnəfəsə oxudum və etiraf edim ki, yalnız bundan sonra, neçə gündən bəri qəzəbdən rahatlıq tapa bilməyən qəlbimə bir sakitlik gəldi. Hörmətli akademikin yazdığı bu əsər əslində Şah İsmayıl Səfəvi haqqında, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin banisi barədə dəyərli və sanballı HİMNDİR!
Akademik Ramiz Mehdiyev həm siyasətçi, həm də alim kimi Azərbaycan dövlətçiliyi tarixində, ilk növbədə, Şah İsmayılın milli-siyasi əzəmətini ön plana çəkib və sübut edib ki, müasir müstəqil Azərbaycan dövləti həm də məhz Şah İsmayılın xidmətlərindən biridir. Bu gün Şah İsmayıl Səfəviyə qarşı edilən hücumlar, əslində, məmləkətimizə, müstəqilliyimizə qarşı mənfur hücumdur. Akademik haqlı olaraq bildirir ki, bu sahədə böyük boşluq var və elə bunu bilərək bədxahlarımız öz sərsəm, cəfəng fərziyyələrini bizə, vətəndaşlarımıza sırımağa çalışırlar.
70 illik sovet ideologiyası və qadağalarının vurduğu zərbələrdən sonra bu cür məqsədli ideoloji hücumlar, həm də qardaşlığa iddialı olan adamların təpkiləri açıq düşmənçilik məramlarını gizlətməyənlərdən daha qorxuludur. Hansı xalqdan olur-olsun, heç bir fərd, heç bir ölkənin nəinki yazarı, tarixçisi, hətta dövlət adamı belə bizim dəyərlərə münasibətdə mənliyimizə toxunacaq söz belə işlətmək haqqında deyil. Unatmayaq ki, bu torpaqlar Şah İsmayılın qurduğu böyük Azərbaycanın çox kiçik bir parçası, qiymətli yadigarıdır. Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olub. Bu məqsədlə İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər silahlı mübarizəyə başlayıb və bu mübarizədə onlar hər ikisi həlak olub. Səfəvilərin vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin nümayəndələri tərəfindən müvəqqəti alınmışdı. Şeyx Səfiəddinin dövlət qurmaq ideyasının daşıyıcısı olması bir çox türk qaynaqlarında da öz əksini tapır. Türkiyənin orta əsrlər tarixinin araşdırıçısı Yusuf Küçükdağ “Osmanlı devletinin Şah İsmailin Anadoluyu Şieleştirme çalışmalarını engellemeye yönelik önlemeleri” məqaləsində qaynaqlara istinadən yazır ki, Anadolunun qədim türk inanclarını müqəddəs sayan çoxlu sayda türkləri Ərdəbilə onu ziyarətə gedirdilər və bunun nəticəsi idi ki, Səfəvi xanədanı özünün dövlət qurmaq fəaliyyətində ən böyük dəstəyi həm də onlardan görmüş və sonradan göstərilən bu dəstək də Şah I İsmayılın hakimiyyətə gətirilməsində az rol oynamayıb.
Bu məqaləni yazarkən Şah İsmayılın hakimiyyətə gəldiyi dövrü, hətta buna qədər digər azərbaycanlı hökmdar Nadir şahdan bəhs edən “Sonuncu fateh” tarixi romanım üzərində işləyərkən çoxlu tarixi mənbələri araşdırdım və bu zaman ağlıma gələn ilk mənzərə müasiri olduğumuz müstəqil Azərbaycanın 1990-cı illərin əvvəllərindəki vəziyyəti oldu: xaos, anarxiya, bölgələrdə yaradılmış silahlı dəstələr arasında çəkişmələr, başsız qalmış məmləkətimiz yada düşdü. XV əsrin sonlarına yaxın Təbrizdə 10 ilə 8 hökmdar dəyişmişdisə, 1990-cı illərin əvvəllərində 3 ilə 4 hakimiyyət dəyişikliyi baş vermişdi və məlumdur ki, bunların hamısı silahlı çevriliş yolu ilə reallaşmışdı. Ölkəni belə fəlakətli vəziyyətdən ümummilli lider Heydər Əliyevin qurtardığını bizim nəsil yaxşı bilir, çünki bu müasir dövrün tarixidir. Ancaq bu tarixi gerçəklikləri də başqa konteksdən təqdim etmək istəyən, Heydər Əliyevin misilsiz xidmətlərini adiləşdirmək istəyənlər var. İsmayıl Səfəvi və onun yaxın ətrafı ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara alan vaxtda da belə bir kədərli mənzərə vardı.
Tarixdə elə məqamlar var ki, bəzən onların baş verməyəcəyi təqdirdə hadisələrin hansı sonluqla bitəcəyi insan düşüncəsinə sığmır. Əgər Şah İsmayıl olmasaydı, onun hələ qurmadığı böyük və ya kiçik Azərbaycan ola bilərdimi? O Azərbaycan ki, məhz Şah İsmayılın dövründə ərazisi 2 milyon 800 min kvadrat kilometr (bəzi mənbələrdə 3 milyon 500 min - H.M.) idi, indi isə ancaq de-yure 86 min kvadrat kilometr qalıb. Əgər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasaydı, Azərbaycanın bu ərazisindən nə qalacaqdı? Belə vəziyyətlərdə düzgün nəticə hasil etməyin çətinliyi təkcə onunla bağlı deyil ki, tarix felin lazım formasını tanımır. Ona görə də nəinki təfəkkürünə məzhəb ədavəti hopmuş Güntay Gəncalp, İsgəndər Pala kimilər, hətta məşhur tarixçilər belə bu kontrfaktual tarixi məqamları izah etməkdən yan keçirlər.
Doğrudur, hər hansı siyasi hadisə, saray çevrilişi, fəlakət tarixin əsas gedişinə ciddi təsir göstərməyıb. Ancaq Şah İsmayılın tarix səhnəsinə gəlməsi və bir fateh olaraq mərkəzləşmiş Azərbaycan dövləti yaratması bəşər tarixinə təsirsiz ötüşən hadisə olmayıb.
Müasirlərinin yazdıqları
Şah İsmayılın tarixi şəxsiyyət kimi həyatı da çox böyük maraq doğurur. Bu cəhətdən diqqətçəkən tarixi mənbələr sırasında fransız tarixçisi Jan Obenin “Səfəvilərin dini siyasəti” və “Şeyx və Şah” əsərlərinə müraciət etmiş alimlərimizdən N.Məmmədovanın araşdırmalarına nəzər saldıq. Jan Oben Səfəvi dövlətinin qurucusu kimi Şah İsmayılla bağlı yazırdı ki, bütün gənc müsəlmanlar kimi İsmayıl Ləhicanda Quranı əzbərdən söyləməyi öyrənmişdi, heç vaxt, hətta uşaqlıqda belə kimdənsə məsləhət qəbul etmirdi, ona görə də hamı fikirləşir ki, onun hər bir hərəkəti - ilahi bir vergidir. Jan Obenin istinad etdiyi digər bir italiyalı Françesko Romano isə yazırdı ki, Şah İsmayıl təhsilli, təmkinli və müdrik, çox çalışqan, çox təcrübəlidir, nə gizlin, nə də aşkar şərab içir, var-dövlətə etinasızdır və səxavətlidir. İsmayılın müasirlərinə istinad edən tədqiqatçı onu da yazır ki, “qızıl, əmlak və bu dünyanın var-dövlətinin onun nəzərində heç bir dəyəri yox idi. Əksər vaxtlarda onun xəzinəsi boş olardı, nə daş-qaş, nə də pul olardı. O, qızıl, var-dövlət yığmırdı, ancaq elə xərcləyirdi ki, çoxları elə düşünürdü, o, gizli bir xəzinə sahibidir. Ona xoşladığı bir əşyanı gətirəndə, onun dəyərinin iki, üç qatını ödəyirdi”.
Jan Oben Şah İsmayılın Səfəvi döyüşçüləri arasında yüksək nüfuzu olduğunu və çox sevildiyini də onun müasiri olmuş, Səfəvilərin düşərgəsində qalmış Antonio Tenreirin qeydlərindən sitat gətirməklə belə göstərir: "Biz düşərgədə durub siqaret çəkəndə köçəri qızılbaşlar - qadınlar və kişilər dəstə-dəstə bura gəlirdilər. Onlar düşərgəyə böyük coşqu, alqış söyləyə-söyləyə daxil olurdular. Onların gəlişi ilə Sufi (Şah İsmayıl - H.M.) xəncər belində çadırdan çıxdı. Onlar şahı görəndə dərhal ayaqları altında qurban kimi inək kəsdilər və ucadan qışqıraraq bildirdilər ki, bundan sonra həyatda heç bir şər qüvvə onları izləyə bilməz. O gözəl, gənc, saqqalsız, şən və gülərüz, çox mehriban çöhrəsi olan bir oğlan idi. Biz onunla düşərgədə olarkən bunu çox görmüşdük”. Şah I İsmayılın xarici görünüşündən bəhs edərkən Y.Şokriyə istinad edən Jan Oben yazır: “I Şah İsmayıl ağdərili, cox cəlbedici idi, ortaboylu, enlikürək, şabalıdı saçları vardı”. Xətai ləqəbinə gəlincə isə avropalı alim V.Minorski Xuzaniyə istinadən yazır ki, İsmayıl 1508-ci ildə Kərbəlanı ziyarət etdikdən sonra şair kimi özünə "Xətai" ləqəbini götürdü.
Şah İsmayıl Səfəvini Qızılbaş dövlətinin dini lideri kimi göstərməyə çalışan Jan Oben bizə bir çox başqa mənbələrdən məlum olan faktları qeyd edərək yazır ki, Səfəvilər İmam Əli nəslinə bağlıdırlar. O da məlumdur ki, bu şəcərə qohumluğu Səfəvi tərəfdarları tərəfindən düşünülmüşdü və bu dövrdə şiəliyin geniş yayıldığı xalq kütlələrinə təsir göstərmək məqsədi daşıyırdı. Professor O.Əfəndiyevin əsərlərində də qeyd olunur ki, Şah İsmayıl şiəliyi dövlət dini elan etməklə, Ağqoyunlu dövləti ərazisindəki bütün əhalini özünə tərəf çəkə bildi və bu da onun bu əraziləri ələ keçirməsini asanlaşdırdı.
Jan Obenin məqalələrində də bu fikir təsdiqlənir. İsmayılın dini lider kimi nüfuzundan bəhs edən müəllif öz məqaləsində XVI əsrin italyan səyyahı Françesko Romanonun qeydlərindən sitat gətirir: “Bəziləri deyir ki, o, Allahdır, başqaları isə onu Peygəmbər hesab edir. Bütün döyüşçülər deyirdi ki, o, ölməz və əbədi yaşayacaq”. J.Obenin Osmanlı ordusundan olan fransız fərarisinə istinadən yazdıqları da diqqət çəkir: “Sufi imam Əliyə biət edir. Onlar hamısı Sufini sevir, onu müqəddəs və peyğəmbər hesab edirlər. O öz çadırlarında ibadət edən gənc döyüşçüləri gördü... Onlar Sufini Məhəmməd (Peyğəmbər ə.s.) qədər sevir, ona şah, şahzadə kimi müraciət etmir, müqəddəs və peyğəmbər hesab edirlər”.
Jan Oben Şah İsmayılın avropalı müasirlərindən olub və 1505-ci ildə Səfəvi dövlətinə səfər etmiş Giovani Rotoo-Doqun yazdıqlarının da bu fikri təsdiqlədiyini bildirir: “O, Peyğəmbər kimi, həm də nüfuzu xatirinə üzünün rübənddə, bağlı görünməsini istəyirdi. İnsanlar düşünürdülər ki, İsmayıl Allah tərəfindən göndərilib, yalnız sufi fəlsəfi məktəbi onlara cənnət bəxş edə bilər və bütün düşmənləri məhv edər".
Şah İsmayılın fəaliyyətini Avropa dövlətləri çox diqqətlə izləyirdilər. Onların müxtəlif ölkələrdəki səfirləri və əslində, xəfiyyələri Səfəvi hökmdarının hər addımı barədə ölkələrinə müntəzəm məlumat ötürürdülər. 1502-ci il oktyabrın 7-də Venesiyanın Şərqdəki konsullarından biri Zuan di Tabia yazırdı ki, Sufi xristianlardan artilleriya almaq fikrindədir. Digər bir venesiyalı diplomat Andrea da Çavidal Hələbdən Dəməşqə sufilər üçün qırmızı parça almağa gələn tacirlərə istinad edərək öz hökumətinə yazırdı ki, Sufi bir çox mühüm yerləri zəbt edib, hamı əmindır ki, bu Sufi çox asanlıqla və sürətlə İranla sərhəd olan bütün ölkələri zəbt edəcək və böyük bir dövlət quracaq.
İ.Petruşevski Səfəvilər şahı haqqında tarixi mənbələrdən danışarkən öz dövrünün böyük tarixçilərindən, ləqəbi Xandəmir olan Qiyasəddin ibn Humaməddin əl-Hüseynin, sultan Hüseynə və Şah I İsmayıl Səfəviyə həsr etdiyi “Həbib-əs-siyyar” ("Tərcümeyi-hal dostu") əsərini çox yüksək qiymətləndirir. Tarixçinin mədhiyyə üslubunda yazdığı əsərdə Şah I İsmayıl adətən “dünyanın dörddəbirinin hökmdarı”, “dünyanın tabe olduğu hökmdar”, “xilafətin varisi”, digər padşahlar isə hakim və ya vali adlandırılır. Xandəmir əsərdə İsmayıl şahla müharibə aparan “hakimlərə” “üsyançı” kimi baxır.
Dövrünün məşhur tarixçisi, Səfəvilər sarayının nəhəng tarixşünaslarından biri, əslən Azərbaycanın köçəri türkman tayfalarından olan Münşi (“katib”) ləqəbi almış İsgəndər bəy Türkman isə “Tarixi aləmarayi Abbasi (Abbasın dünyanın bəzəyən tarixi”) əsərində Şah I İsmayılı “Süleymana (İncil”dəki Süleyman peygəmbərə) layiq hökmdar”, “Süleymana bərabər hökmdar” kimi təqdim edir.
Mənbələrdən birində göstərilir ki, vassal sultanlardan hansısa Şah İsmayıla dostyana bir məktub yazır və onu əyləndirsinlər deyə bir dəstə də rəqqas göndərir. Bunun cavabında Şah İsmayıl deyir: “Mən döyüşlər nəriyəm və bu cür "müsahiblərə" ehtiyacım yoxdur. Mən istərdim rahatlıq bilmədən at üstündə Vətənin ətrafına dolanım”.
Çox mühüm bir məqam da Şah İsmayılın qurduğu Səfəvi dövlətində tolerantlığın qorunmasıdır. Akademik Ramiz Mehdiyev də qeyd edir ki, “Vahid sosial-tarixi və siyasi orqanizmin əhalisinin etnik tərkibinin müxtəlifliyi imperiya hüdudlarında onlarla millətin yaranmasına yalnız imkan verib. Bu imkanın gerçəkləşdirilməsi üçün təkcə etnik yox, digər amillərin - ən başlıcası iqtisadi və siyasi amillərin təsiri zəruri idi”.
Tarixi mənbələr göstərir ki, Səfəvi dövlətində sünnilərin kəskin təqib olunmasına baxmayaraq, Şah İsmayıl xristianları himayə edib. Bu, təkcə Səfəvi dövlətinin Qərbi Avropa dövlətləri ilə yaxınlaşması üçün həyata keçirdiyi xarici siyasət kursu ilə bağlı deyildi. Gəlin unutmayaq ki, İslam, onun şiə məzhəbi xüsusilə digər səmavi dinlərə həmişə hörmətlə yanaşıb. Çünki İslamın müqəddəs kitabı Qurani-Kərimdə belə buyurulur. Bir halda ki Şah İsmayıl həm də qızılbaşların dini lideri idi, o bunu bilməmiş və buna əməl etməmiş olmazdı.
Böyük Azərbaycan türkü
Yeri gəlmişkən burada bir məsələyə də toxunmaq istərdim ki, bu da bir çox diletant “alimlərin” Səfəvilər nəslini və xüsusilə I Şah İsmayılı gah fars, gah da kürd kimi təqdim etmələridir. Əlbəttə, biz azərbaycanlılar üçün bu, qürurverici bir haldır. Lakin tarix tarixdir və onu yaradan şəxsiyyətlərin mənsubiyyətini təhrif etmək olmaz. Hərçənd İ.Petruşevski, V.Minorski, O.Əfəndiyev, Z.Bünyadov və dünyanın bir çox tanınmış alimləri bu fərziyyələrə, qarayaxmalara tutarlı tarixi faktlarla çoxdan cavab veriblər. Amma bunu bir neçə tarixi mənbədən təkrar qeyd etməyimiz tam yerinə düşür.
Mənbələrdə qeyd olunan maraqlı faktlardan biri odur ki, faşist ideoloqlarından olan Valter Hints “Səfəvilərin fatehlik səylərini "iranlı arilərin "hərəkatı” kimi təqdim etməyə çalışıb və xüsusi “tədqiqat” apararaq, Səfəvilərin damarlarında guya daha çox «arilərin qanının axdığını” bildirib. Bu yerdə belə cəfəngiyat yazanlara İ.Petruşevski qəti şəkildə bildirir ki, XV əsrdə Səfəvilərin fəaliyyəti daha böyük şəkildə qızılbaşlarla və Azərbaycanla bağlı olub. Sufizmin tanınmış fransız tədqiqatçısı Massinion də hesab edir ki, Səfəvi ordeni məhz “dərviş ordeni Şihabəddin Sührəvərdinin azərbaycanlı qanadıdır”.
İ.Petruşevski yazır ki, yeni yaranmış dövləti ...çox tez-tez sadəcə Səfəvilər və ya Qızılbaş dövləti adlandırırdılar. Bununla bir daha sübut olunur ki, səfəviyyə təriqəti mərkəzləşmiş Azərbaycan dövlətini yaratmaqla siyasi məqsədini tam gerçəkliyi ilə meydana qoyub.
Müəllifləri İ.V.Piqulevskaya, A.Y.Yakubovski, İ.P.Petruşevski, L.V.Stroyeva və A.M.Beleniski olan “İstoriyaə İrana s drevneyşix vremen do konüa XVIII veka” tarixi əsərində də qeyd olunur ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayıblar, onların doğma dili Azərbaycan dili olub. Əsərdə vurğulanır ki, onlar çox böyük nüfuza malik idilər və onların təkcə Azərbaycanda yox, Qərbi İranda (İsfahanda və s.), xüsusilə Rumda da (Kiçik Asiyada) müridləri vardı: “XV əsrdə Səfəvilərin əsas dayağı Azərbaycan dilində danışan köçəri türk tayfaları idi, əksər hissələri Azərbaycan və İrana Kiçik Asiyadan, Osmanlı sultanlarına düşmənçilik üzündən və siyasətə neytrallıqdan köçüb gəlmişdilər. İlkin olaraq onlar yeddi tayfadan ibarət idilər - şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, vilkadar. Onlardan yalnız şamlı və rumlu tayfaları tam şəkildə Səfəvilərə tabe idilər. Sonra bu tayfalar ümumi bir ad altında birləşdilər”.
Digər bir mənbədə İ.Petruşevski qeyd edir ki, "Qərbi Avropanın bir çox burjua şərqşünasları bu dövlətdə fars milli dövlətini görmüş və görməkdədirlər . Bu, çox böyük səhvdir. Səfəvilər dövləti türkdilli Azərbaycan tayfaları - qızılbaşlar tərəfindən yaradılıb, İran elementləri XVI əsrin başlanğıcındakı hadisələrdə çox passiv rol oynayıb. Demək olar ki, bütöv bir yüzillikdə, I Şah Abbas islahatlara başlayana qədər dövlətə rəhbərlik köçəri (daha dəqiq, yarımköçəri) qızılbaş əsilzadə hərbçilərinə məxsus olub”.
Bu da tarixin sübuta ehtiyacı olmayan reallıqlarından biridir ki, Şah İsmayıla qədər Azərbaycan hökmdarlarından heç biri bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və ideoloji bayraq altında birləşdirə bilməmişdi. Əslində ondan sonrakı bəzi maraqlı qüvvələr son dövrlərə qədər Şah İsmayılın Böyük Azərbaycan ideallarını nə dərk edə bilib, nə də qurduğu bu böyük Azərbaycanı - Fars körfəzindən Dəmirqapı Dərbəndə qədər olan dövləti qoruyub saxlaya biliblər. Səfəvilərdən sonra Azərbaycan ərazisində qurulan dövlətlərin bu böyük ideallara sadiq qala bilməməsi, bir məmləkətdə yüz yerə bölünmələri, düşmənçilik edib bir-birinə silah çəkmələri yüzillərlə xalqımızı yadellilərin boyunduruğu altına salıb. Bunun günahını Şah İsmayılda axtarmaq nə dindən, nə imandan, nə də insafdandır.
Çaldıran döyüşünə aparan yol
Osmanlı imperiyası ilə Səfəvi dövləti arasında yaranan qarşıdurma və sonra Çaldıranda keçən döyüşün səbəbi nədir? Əslində, məhz bunun mahiyyətini aça bilməyən, əksər hallarda başa düşmək istəməyən söz adamları bu gün Şah İsmayılı Osmanlı imperiyasını zəiflətməkdə və bir çox həqiqətdən uzaq məsələlərdə suçlayırlar. Ona görə də Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün, hörmətli akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, əsas diqqəti böyük dövlət xadimi Şah İsmayılın fəaliyyətinin və Azərbaycan ideya-siyasi platformasını formalaşdırmaq cəhdlərinin təhlili üzərində cəmləşdirmək lazımdır. Bu, Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün müəyyən baza yaradır.
Ağqoyunlunun ərazisində daha geniş əraziyə malik və hərbi-siyasi cəhətdən daha güclü Səfəvilər dövlətinin meydana gəlməsi Osmanlı imperiyasının Şərqə doğru genişlənməsi yolunda çox ciddi maneə demək idi. Beləliklə, Qara dəniz sahillərindəki məşhur ticarət mərkəzlərinin yerləşdiyi Şərqin müxtəlif şəhərlərini birləşdirən, Uzun Həsənin və Sultan II Məhəmmədin hökmranlığı dövründə Bursanı, İstanbulu və Qara dənizi Avropa ilə bağlayan ənənəvi karvan yollarına sahib çıxmaq uğrunda mübarizə Səfəvilərin hakimiyyətə gəlişi ilə daha da kəskinləşdi. Bir çox mənbələrdə hətta bu nəhəng dövlətlər arasında münasibətlərin gərginləşməsində Roma papası X Levin də “xüsusi xidmətləri” qeyd olunur. O özünün Avropa dövlətlərinin başçılarına məktubunda Azərbaycan - Osmanlı münasibətlərinin kəskinləşməsini “Allahın xristian dünyası üçün yaratdığı əlverişli məqam” kimi qiymətləndirirdi.
Doğrudur, Osmanlı imperiyası ilə mərkəzləşmiş Səfəvi dövləti arasında dini şüarlar altında məzhəb müharibəsi getsə də - türklər şiəliyi, Səfəvilər isə sünniliyi kafirlik hesab etsələr də - əslində böyük bir regiona - Cənubi Qafqaza, Ön Asiyaya, İrana, İraqa nəzarət etmək, Qafqazdan Mesopotamiyaya uzanan strateji və ticarət yolunu ələ keçirmək uğrunda mübarizə gedirdi. Tarixçilərin yazdığı kimi, məhz XVI əsrin əvvəllərində Səfəvi dövləti Osmanlı imperiyasının qarşısında çox nəhəng bir maneə idi. Türk tarixçisi İ.T.Öztuna bu dövrü tədqiq edərkən belə qənaətə gəlir ki, Səfəvi dövləti öz nəhəngliyinə görə Osmanlı imperiyasından sonra dünyada ikinci olub və bu osmanlıların təhlükəli düşməninə çevrilib, əgər Səfəvi səddi olmasaydı, osmanlıların İtaliyada, Almaniyada qarşısını almaq çox çətin olardı. Məhz həmin ərəfədə Səfəvi dövlətinin əhatə etdiyi ərazilər Osmanlı imperiyasının ərazilərindən çox idi və 3 milyon 500 min kvadrat kilometr təşkil edirdi.
Əslində hər iki tərəf müharibəyə ciddi şəkildə hazırlaşıb. Şah İsmayılın ilk hərbi uğurları Qərbi Avropada müəyyən canlanmaya səbəb olub. Roma papaları Türkiyəyə qarşı səlib yürüşlərinin" təbliğatını yenidən genişləndirməyə başlayıblar. Hətta belə yürüşlərin təşkili üçün papa Aleksandr IV Borcia 1500-cü ildə, ali din xadimlərinə, kardinallara və papa dəftərxanasının nümayəndələrinə şamil edilən, yeni onluqların toplanması üçün xüsusi bulla (Roma papalarının xüsusi fərmanları, fətvaları ) verib.
Mənbələrdə göstərilir ki, Osmanlı imperiyası ilə mübarizədə özünün ənənəvi müttəfiqi olan Ağqoyunlunun ərazilərində yeni, daha güclü və əzəmətli Səfəvi dövlətinin yaranması xəbərini, bu ərəfədə Türkiyə ilə müharibə şəraitində olan Venesiya Respublikası da şadyanalıqla qarşılayıb. Səfəvi dövlətinin diplomatik münasibətlər qurduğu ilk ölkə də Venesiya Respublikası olub. Bu məramla Türkiyə ilə müharibə ərəfəsində olan Venesiya öz elçisi Konstantin Laskarini diplomatik əlaqələr qurmaq üçün Şah İsmayılın hüzuruna göndərib. Konstantin Laskari Şah İsmayılla görüşüb danışıqlar aparır və Venesiya hökumətinin Səfəvi dövlətinə artilleriya və gəmilərlə kömək edəcəyini bildirir. Səfəvi şahı bu vədi məmnunluqla qarşılayır və Laskarinin məlumatına görə, danışıqlar zamanı “cənab Sufi etiraf etdi ki, o, Qaramana hücum etməli və bu ölkəni öz sahiblərinə qaytarmalıdır”.
Maraqlıdır ki, Konstantin Laskari öz məlumatlarında Şah İsmayılın Türkiyənin bir çox yerlərində xalq tərəfindən sevildiyini də gizlətmir: “Sufinin digər keyfiyyətlərindən danışarkən mən əlavə etməliyəm ki, hətta Türkiyə torpaqlarında çoxlu insanlar ona xeyirxahlıqla yanaşır və onun hakimiyyəti altında yaşamağa hazırdırlar”. Türk tarixçisi Səlahəddin Tansel bu faktı təsdiq edərək göstərir ki, bu vaxtlarda Amasiya valisinin özü - şahzadə Əhməd də qızılbaşların təsiri altında olub, onun oğlu isə şiəliyi qəbul edib. Mənbələrdəki məlumatlara görə, 1502-ci ildə hətta İstanbulun özündə 5000 qızılbaş olub.
Araşdırmalar göstərir ki, Səvəfi şahı 1500-cü ildə Qaramanda osmanlılara qarşı üsyandan, Sultan II Bəyazidin oğlanlarının taxt-tac uğrunda mübarizəsindən özü və dövlətinin maraqları üçün istifadə etməyib. Hərçənd Sultan II Bəyazidin vaxtında Osmanlı imperiyasının böyük bir hissəsini ələ keçirmək, hərbi potensialını zəiflətmək və Çaldıran döyüşünün reallaşmasını ləngitmək olardı. Lakin Şah İsmayıl buna getməyib və bunun əsas səbəblərindən biri "İstoriya İrana s drevneyşix vremen do konça XVIII veka" əsərində belə göstərilir: “Şah hökuməti Osmanlı Türkiyəsi ilə münasibətləri açıq qarşıdurmaya gətirib çıxarmaq istəmirdi və onun ağır vəziyyətindən istifadə etmədi: ancaq Türkiyədə şiələrin üsyanı ilə eyni vaxtda Sultan II Bəyazidlə oğlanları arasında daxili bir müharibə gedirdi”. Bunu venesiyalı diplomat Konstantin Laskari də ölkəsinə göndərdiyi məlumatlarla təsdiqləyir.
Sultan II Bəyazidin oğlu I Səlim hakimiyyətə gəlib qardaşlarını və onların oğlanlarını qətlə yetirdikdən sonra Osmanlı imperiyasının xarici siyasətini dəyişir. Gizli çuğulların hazırladığı siyahı əsasında 40 min Kiçik Asiya şiəsini qılıncdan keçirməklə arxasını tam təmizləyən I Səlim Səfəvi dövlətinə qarşı müharibəyə başlayıb. Sultan I Səlimin Şah İsmayılla bu ədavətinə səbəb Osmanlı imperiyasında II Bəyazidin oğlanları arasında taxt-tac üstündə gedən çəkişmədə Şah İsmayılın şahzadə Əhmədi dəstəkləyərək Səlimin hakimiyyətə gəlməsinə mane olması idi. Lakin bütün bunlara baxmayaraq, yeniçərilərin və yerli feodalların fəal dəstəyi ilə 1512-ci il aprelin 24-də Səlim qardaşı Əhmədin tərəfdarları üzərində qələbə çalaraq hakimiyyəti ələ keçirib. İsmayıl şah çox cəhd göstərib ki, şahzadə Əhmədə kömək edib Səlimi taxtdan salsın, amma heç nə alınmayıb. Yeni sultan hər iki qardaşının hərbi dəstələrini darmadağın etdi və əmr verdi ki, qardaşlarını oğlanları ilə bir yerdə edam etsinlər. Şahzadə Əhmədin yalnız bir oğlu - Murad Səfəvilər sarayına sığına bilib. Muradı alıb aparmaq tələbi ilə Səfəvi sarayına gələn Osmanlı elçiləri qətlə yetiriliblər. O zamanlar, elə sonralar da monarxiyanın hökm sürdüyü ölkələrdə belə məsələlər asanlıqla unudulmurdu. Ona görə də Osmanlı və Səfəvi imperiyaları arasında münasibətlər bir qədər də gərginləşib.
Bəzi üzdəniraq tarixçilər nəyə görəsə Sultan I Səlimin 1513-cü ildə təkcə Kiçik Asiyada qocaya, uşağa və qadına baxmayaraq yaşı 7-dən 77-yə 40-45 min şiəni qılıncdan keçirməsi faktının üstündən sükutla keçirlər. Bəli, bu da faciə idi, məzhəb ayrılığını dəstavuz edib Cənubi Qafqaza, Ön Asiyaya, İrana, İraqa nəzarət etmək, Qafqazdan Mesopotamiyaya uzanan strateji və ticarət yolunu ələ keçirmək iddiasında olan Osmanlı imperiyasının Azərbaycan xalqının tarixinə yazdığı faciə! Məhz bu qətliam Osmanlı imperiyasının Səfəvi dövlətinə hərbi yürüş planının hazırlıq mərhələlərindən biri idi.
Qardaş qanı axan savaş
Nəhayət, Sultan Səlim öz niyyətlərini həyata keçirmək və Səfəvi dövlətinə qarşı müharibəyə başlamaq üçün 1514-cü il martın 20-də Ədirnədən hərbi yürüşə çıxıb. Aprelin 28-də Səfəvi dövlətinə rəsmən müharibə elan edilib. Artıq iyulda Osmanlı sultanı 140 minlik ordusu ilə Səfəvi dövlətinin sərhədinə çatıb. İyulun 9-da ordu hissələrinə rəsmi baxış keçirən I Səlim 40 minlik ordu hissəsini Sivasda saxlayıb, özü 100 minlik ordu ilə iyulun 13-də sərhədi keçib. 1514-cü il avqustun 23-də Çaldıran düzündə Osmanlı imperiyasının hərbi qüvvələri Şah İsmayılın ordusu ilə üz-üzə gəlib. Osmanlı imperiyasının başlatdığı Çaldıran döyüşü qardaş qanının axıdıldığı ən dəhşətli müharibələrdən biri kimi tarixə düşdü.
Döyüşdən əvvəl hərbi şurada osmanlıların taktikası ilə tanış olan Məhəmməd xan Ustaclı və Rumlu Nurəli Xəlifə düşmən üzərinə gecə hücuma keçməyi İsmayıla təklif ediblər. Onların fikrinə görə, gecə atəşi qızılbaş süvarilərini silah və top atəşindən xilas edər, beləliklə də osmanlılar döyüş vəziyyəti alana qədər məsələ həll olunar. Lakin qızılbaş sərkərdəsi Şamlı Durmuş xan bu təklifin əleyhinə çıxıb, gecə hücumunu qorxaqlıq, ürəksizlik adlandırıb. Bu çıxış İsmayılın xoşuna gəlib və deyib: “Mən karvanbasan quldur deyiləm, qoy Allahın məsləhət bildiyi kimi olsun”.
Əlbəttə, bu böyük siyasi xadimin səhvləri də yox deyil. Bunu onun Çaldıran döyüşü sərkərdələrinin Osmanlı ordusunun toplarından qorunmaq üçün gecə ikən hücum etmək təklifini rədd etməsi də göstərir. Halbuki amansız müharibə və döyüş ərəfəsində şübhəli əxlaq prinsiplərinin əsiri olmaq ən azı sadəlövhlükdür. Dövlət başçısının sadəlövhlüyü isə milli fəlakətdir.
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş olub. Əvvəlki döyüşlərdən fərqli olaraq, bu dəfə üz-üzə gələn iki ordu sadəcə din düşmənçiliyi ruhunda tərbiyə edilib bir-birinə qarşı qoyulan və şəhid getməyə hazır olan silahlı fanatiklər idilər. Bu isə Çaldıran vuruşmasını tarixin ən qanlı qardaş qırğınlarından birinə çevirib. Yavuz Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşması əslində türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə strateji qələbəsi idi.
Şah İsmayıl Osmanlı sərkərdəsi, o dövrün tanınmış pəhləvanı Əli bəy Malqoçoğlu ilə üz-üzə gəldi və təkbətək döyüşə girdi. Bundan zərrə qədər də çəkinməyən Şah İsmayıl elə güclü bir qılınc zərbəsi endirdi ki, onun başı dəbilqəqarışıq ikiyə bölündü və türk azmanı atından yerə düşdü. Azərbaycan süvariləri Osmanlı piyada qoşununu geri oturdub, lakin düşmənin 100-dən çox topunun amansız atəşinə məruz qalan İsmayıl əldə qılınc düşmən topçularına qarşı hücuma atıldı və elə bu vaxt onun atı müvazinətini itirib sahibi ilə bərabər yerə yıxıldı. Şahın həyatı üçün belə təhlükəli bir məqamda xarici görkəmindən İsmayıla çox oxşayan qızılbaş Sultanəli Mirzə Əfşar özünü yetirib, “Mən şaham” deyə qışqırıb və düşmən əsgərlərini arxasınca apara bildi. Qızılbaş Xızır ağa Ustaclı bir göz qırpımında Şah İsmayıla başqa bir at gətirib və o, 300 qızılbaşla düşmən səfini yararaq Təbrizə üz qoydu. Səfəvilər 50 min nəfər itki verərək məğlub oldular.
Nə qədər həqiqət olduğunu demək çətindir. Amma mənbələrdə göstərilir ki, Şah İsmayıl Çaldıran döyüşündə öz məğlubiyyətini gördükdə qəzəbindən qılıncını topun lüləsinə zərblə çırpır, zərbədən topun lüləsi qırılır. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətizdirir və özü də həmin hərəkəti təkrar edir. Lakin topun lüləsi kəsilmir. Belə olduqda sultan deyir ki, İsmayıl mənə başqa qılınc verib, bu o qılınc deyil. İsmayıl bunu eşidir və "Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil” deyir.
Səfəvilərlə Osmanlılar arasında fasilələrlə iki yüz ildən artıq müharibələr davam edib. Lakin sərhədlər elə də çox dəyişməyib. Yalnız 1638-ci ildə Osmanlı qoşunları Bağdadı ələ keçirdikdən sonra Səfəvilər Mesopotamiyaya nəzarəti itiriblər. Bu onu göstərir ki, Şah İsmayıl Səfəvinin qurduğu dövlət o qədər güclü idi ki, uzun müddət öz sərhədlərini qoruyub saxlaya bilib.
Farsdilli salnaməçilər Çaldıran döyüşündə Səfəvilərin məğlubiyyət səbəblərini Şah İsmayılın məğrurluğu, özünə həddən artıq güvənməsi, qızılbaşların sayca az olması, Osmanlı qoşununun avropasayağı təşkili, I İsmayılın Osmanlı imperiyası kimi qüvvətli bir düşmənlə müharibəyə kifayət qədər hazır olmaması, yaxın adamlarının məsləhətinə qulaq asmaması, nəhayət, Səfəvilərin topu olsa da, düşmən tərəfin döyüşdə odlu silahdan - topdan daha səmərəli istifadə etməsilə izah edirlər. Bu kimi izahlar Şah I İsmayılın övladlarına vəsiyyətində də əksini tapıb.
Mədəniyyətin və Azərbaycan dilinin hamisi
Yeri gəlmişkən, bir tarixi həqiqəti də qeyd etmək lazımdır ki, Şah İsmayıl məşum Çaldıran döyüşü ərəfəsində belə ilk növbədə istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edib. İsmayılın taxta yiyələndikdən dərhal sonra gördüyü işlərdən biri də Hulakilər dövlətinin süqutundan sonra dağılmaq həddində olan Marağa rəsədxanasının bərpası olub. Bu işlərin görülməsi üçün şah ora məşhur astronom və riyaziyyatçı Qiyasəddini göndərib. Bununla yanaşı, Təbrizdə onun fərmanı ilə kitabxana açılıb. Kitabxananın rəisi isə Kəmaləddin Behzad təyin olunub və o da sonralar Təhmasibin vaxtında, bu gün də dünya xalça toxuculuğunun mirvarisi sayılan “Şeyx Səfi” xalçasını toxuyub.
Şah İsmayılı şiəliyi yaymaqda qınayan, bunu onun yeganə məramı olduğunu və buna görə onun sünniləri qırdığını bildirənlərdən soruşmaq istərdim: əgər Sultan Səlim Yavuzun niyyəti Osmanlı imperiyasının sərhədlərini genişləndirmək deyildisə, məqsədi “kafir şiələrə” qarşı savaş idisə , o zaman niyə əhalisi onlarla eyni məzhəbdən - sünni olan Misirə 1516-cı ildə yürüş edib məmlüklər dövlətini süquta uğratdı? Məgər Sultan Səlim İslamdan ilhaqçılıq siyasətini həyata keçirmək üçün istifadə etmirdimi? Türk tarixçisi V.M.Qocatürk göstərir ki, Sultan Səlim hakimiyyəti ələ almamışdan əvvəl yeniçərilərə deyirdi: “Əgər mən padşah olsam, Ərəbistanı çərkəzlərdən, Əcəm elinin şəhərlərini isə qızılbaşlardan təmizləməkdə israrlıyam”. Buradan da görünür ki, din, məzhəb fatehlərin, sərkərdələrin əlində həmişə siyasi-hərbi məqsədlərinə çatmaq üçün bir vasitə olub. Ona görə də Şah İsmayıla çamur atmaq, onun xidmətlərini danmaq yalnız məkrli məqsədlərə xidmət edir.
Son dövrlərdə xaricdə Səfəvi - Osmanlı münasibətlərinə həsr olunmuş əsərlərdən görünür ki, Şah İsmayılın şəxsiyyətinə qarşı yönələn “böhtan yürüşü” əslində Azərbaycanda məzhəb qarşıdurması və təfriqə salmaq planlarının ideoloji taktiki mərhələsidir. Burada tarix də, Şah I İsmayıl da, Sultan I Səlim də bu təfriqəni salmağa çalışanların manipulyasiya vasitəsidir.
Şah İsmayıl haqqında məqalə yazarkən onun doğma dilinə münasibəti haqqında danışmamaq bu böyük dövlət xadiminin ruhuna hörmətsizlik olar. Şah İsmayıl Səfəvi Azərbaycan dilini etnik bir dildən ali dövlət dilinə çevirib. O, Yuli Sezardan sonra ilk böyük bir səltənətin - imperiyanın banisi və tacidarıdır ki, özü də qüdrətli qələm sahibi, təkrarsız poeziya incilərinin yaradıcısı olub. Bu məsələdə də oxucuları, xalqımızı dalanlara yönəldən cızmaqaraçılar var. Bir çox tarixçilər Şah İsmayılı farsa, İrana çəkməyə cəhd edir, onun Azərbaycan dilini dövlət dili elan etməsi və qızılbaşların yalnız bu dildə danışması faktının üstündən isə sükutla keçirlər. İ.P.Petruşevski yazır: “Şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı Sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi təqdim etməyin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında Azərbaycan dilində danışırdılar”.
Düşünürəm, nə yaxşı bunu yad bir millətin, başqa bir xalqın vicdanlı tarixçi alimi deyir. Amma bu faktın təsdiqi təkcə bu kiçik sitatla bitmir. Digər bir yəhudi alimi Devid Ayolon da 1956-cı ildə nəşr olunmuş əsərində təsdiq edir ki, Səfəvilər mənşə etibarı ilə fars yox, türk olublar. Şərqşünas alim Riçard Fray da “İran ensiklopediyası”na yazdığı məqalədə göstərir ki, Səfəvilər sülaləsinın əsası Azərbaycan türkləri tərəfindən qoyulub. Bu fikirlə Qərbin tanınmış alimləri T.Svyatoxovski və X.Seton-Vatson da razılaşırlar. Hətta mürtəce İran tarixçısi Rza İnayətullanın yazdığı və erməni alimi Q.Asatryanın fars dilindən tərcümə edib ön söz yazdığı “Azərbaycan və Arran: (Atropatakan və Qafqaz Albaniyası)” əsərində hər iki alim etiraf edir ki, Səfəvilərin dili Azərbaycan türkcəsi olub.
Baxın, bir çox Azərbaycan türkünün bəh-bəhlə şərhlər yazdığı “Şah və Sultan” romanında İskəndər Pala nə yazır: “Şah İsmayıl türkcə, Sultan Səlim farsca ona görə məktublaşırmışlar ki, qarşı tərəfə onun dilində cavab versinlər”. Bu, Palanın sayıqlamasından başqa bir şey deyil. Palaya ən tutarlı cavab elə bu günlər mətbuatda əksini tapan Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasından Şah İsmayıl Səfəvinin fərmanının tapılması və Azərbaycana gətirilməsi xəbəri olub. Pala əgər türkcə yaxşı bilirsə, internet saytlarından həmin fərmanı tapıb oxusun və bəlkə onda vicdanı qarşısında Səfəvinin ruhunu necə incitdiyini etiraf edə bildi. Əlbəttə, əgər buna cəsarət tapsa! Oxucular agah olsun deyə Şah I İsmayılın fərmanının – “Əbülmüzəffər Sözü”nün son hissəsini təqdim edirik:
“Əhməd ağa ittifaqı ilə dərgahi-müəllamizə bildirsinlər kim, hər növ buyruğumuz olsa, əməl etsin könlümüzə xoş dutub mərhəmətimizə əmrdar olsun.
Təhrirən 7 rəbiüləvvəl,
sənə 917”
“Əbülmüzəffər” Şah İsmayılın künyəsidir (ləqəbidir). Tarixçilər bu adla Şah İsmayılı tanıyırlar. Sənəddə “Fərman” sözünün yerinə “Sözümüz” yazılıb ki, bu da sırf Azərbaycan türkcəsində olan bir sözdür.
Şah İsmayıl doğma Azərbaycan dilini indiki Azərbaycan, İran, İraq, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistanın cənubu və Şərqi Anadoluda dövlət dili elan edib. Azərbaycan dili bu dövlətdə iki yüz ilə yaxın bir müddətdə saray, ordu və məhkəmə dili olub. V.Minorskinin fikrinə görə, Şah İsmayıl Xətainin şair kimi poeziyada Azərbaycan dilinə üstünlük verməsi onunla izah olunur ki, o öz ardıcıllarının - türklərin onu aydın başa düşməsini istəyirdi. Bəzən dilimiz haqqında düşünəndə Müstəqil Azərbaycanın yeni Konstitusiyasının müzakirəsi zamanı ciddi polemika mövzusu olan dilimizin adı məsələsində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi fəhminə heyran olmaya bilmirsən. Hamıdan “bu işdə xalqın iradəsini nəzərə almaq” mövqeyindən çıxış etməyi tələb edən ulu öndər deyirdi: “...Mən bu danışdığımız dili - buna hansı dil deyirsiniz-deyin - çox gözəl dil hesab edirəm. Dilimiz çox zəngindir, çox ahəngdardır, dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm". Və sevdiyi dilin haqqını qorumaq uğrunda səylərini belə tamamladı: "Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır".
Dövlətçiliyə, onun tarixinə, milli köklərə, mədəni və mənəvi irsə sədaqətin yüksək nümunəsi! Zənnimcə, bu zirvədə ulu öndər Heydər Əliyev öz sələfi Şah İsmayıl Səfəvi ilə birləşir!
Məhz Şah İsmayıl Səfəvi bəşər tarixini qabaqlayaraq öz millətinin, dövlətinin və ana dilinin dünya vətəndaşlığını 500 il əvvəl təsdiq etdirdi. Bunu nəyin bahasına və necə etdisə, tarix üçün elə də böyük dəyəri yoxdur. Dəyəri olan odur ki, bu gün onun vətəndaşlıq qazandırdığı Azərbaycan dövləti, Azərbaycan dili, Azərbaycan xalqı var. Şah İsmayıl Səfəviyə qara yaxanların bəzilərinin Azərbaycan türkü olduğunu gördükdə təəssüflənirsən və sonra anlayırsan ki, Şah İsmayıldan sonra Azərbaycanı doğraya-doğraya, parçalaya-parçalaya farsa, rusa, erməniyə pay-puş edənlər belələri olublar!