Hərbiyönümlü QHT-lər “Antimilli ünsürlərə qarşı həftə” elan edib. Lent.az-ın verdiyi məlumata görə, “Antimilli ünsürlərə qarşı həftə” elan edən QHT-lər arasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda Olan Zabitlər Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Çernobl Əlilləri İttifaqı, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti və Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti” yer alıb.
Bu QHT-lər adından yayılan bəyanatda qeyd edilir ki, son günlərdə sosial şəbəkələrdə, KİV-də, ümumiyyətlə ictimaiyyət arasında Azərbaycan Silahlı Qüvvələri barədə həqiqətə uyğun olmayan məlumatlar geniş yer alır. Bu əsassız ittihamlar bütünlükdə Azərbaycan Ordusunun əsgər və zabit heyətində və ordunu sevən, aparılan islahatları dəstəkləyən insanlarda təəssüf doğurur. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. Sürətlə inkişaf edən Azərbaycan Ordusunda müxtəlif islahatlar həyata keçirilir. Yeni hərbi hissələrin tikilməsi, ordunun müasir hərbi-texnika ilə təchiz olunması, müdafiə sənayesinin inkişafı, hərbçilərin sosial problemlərinin həlli buna misaldır. Silahlı Qüvvələrin inkişafı və möhkəmləndirilməsi Azərbaycan Prezidentinin, Ali Baş Komandanın diqqət yetirdiyi ən prioritet istiqamətdir. Azərbaycan xalqı Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyir, İnanır ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Cəmiyyətlə ordu arasında münasibətlərin qurulması da bu baxımdan olduqca əhəmiyyətlidir. Azərbaycan Ordusunda gedən islahatları əyani şəkildə görmək istəyən hər kəs bu proseslə yaxından tanış olmaq imkanına sahibdir. Millət vəkillərinin, QHT-lərin, KİV nümayəndələrinin cəbhə xəttinə səfərləri, hərbi hissələrdə keçirilən görüşlər buna sübutdur. Bu səfərlər mütəmadi olaraq təşkil edilir. Xüsusilə KİV nümayəndələrinin bu səfərlərdə iştirakı olduqca vacibdir. Çünki ordu ilə cəmiyyət arasında münasibətlərin qurulmasında mətbuatın rolu böyükdür. Buna görə də ordu haqqında mətbuatda işıqlandırılan hər bir məlumatın əsassız faktlara deyil, görülən işlərə əsaslandırılması mühümdür.
Bəyanatda vurğulanır ki, unutmaq olmaz ki, insan fəaliyyəti olan yerdə nöqsanların olması qaçılmazdır. Amma baş verən ən kiçik detalın Azərbaycanı istəməyən qüvvələr tərəfindən qabardılaraq ictimaiyyətə təqdim olunması heç də düzgün addım deyil. Çünki ordu bizim hər birimizə məxsusdur. Buna görə də orduya şəxsi mənafedən deyil, xalqın mənafeyindən yanaşmaq lazımdır: “Ordunun əleyhinə aparılan bu qərəzli kampaniyaya etiraz əlaməti olaraq hərbiyönümlü QHT-lər “Antimilli ünsürlərə qarşı həftə” elan edib. “Antimilli ünsürlərə” qarşı elan olunan həftəliyin iş planında həmin ünsürlərin ordunu gözdənsalma, qarayaxma kampaniyasına necə təkan vermələri, bəzi QHT-i necə maliyyələşdirmələri saf-cürük edilərək 12 yanvar aksiyasından tutmuş, bu günədək onların anti-ordu fəaliyyətinə konkret qiymət veriləcək. Etiraz edən hərbiyönümlü QHT-lər Azərbaycan Ordusuna qarşı aparılan bu çirkin kampaniyaya son qoyulmasını tələb edir”.