Gürcüstan prezidenti: “Strateji əməkdaşlığımız dəyişməz olaraq qalır”
06 noyabr 2015 03:25 (UTC +04:00)

Gürcüstan prezidenti: “Strateji əməkdaşlığımız dəyişməz olaraq qalır”

Noyabrın 5-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib.

 

APA-nın məlumatına görə, prezidentlər ziyafətdə çıxış ediblər.

 

Gürcüstan prezidenti Giorgi Marqvelaşvi ziyafətdə çıxış edərək bildirib ki, bu səfər iki ölkə arasında strateji əməkdaşlığın, habelə tərəfdaşlığın dərinləşməsinə doğru atılan növbəti addımı təcəssüm etdirir.

 

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan xalqlarının ortaq tarixi, ən önəmlisi bu tarix boyunca xalqlarımız tərəfindən əsası qoyulan və münasibətlərimizin möhkəm təməlini əks etdirən nadir dostluq əlaqələri var: “Bu möhkəm dostluq münasibətləri Azərbaycanın və Gürcüstanın sabiq rəhbərləri cənab Heydər Əliyevə və cənab Eduard Şevardnadzeyə regional əməkdaşlıq üçün çox əhəmiyyətli strateji layihələri həyata keçirmək işində mühüm dəstək olub. Bu səylər bizim ölkələrə və ümumilikdə, regiona geosiyasi əhəmiyyət verib. Bu önəmli təşəbbüsün həyata keçirilməsinə başlanmasından demək olar ki, iyirmi il ötür. Həmin müddət ərzində möhkəm dostluq və yaxın əməkdaşlığımız sayəsində biz çoxsaylı çağırışlara lazımınca cavab verə bilmişik”.

 

Gürcüstan prezidenti ölkəsində yaşanan çətin anlarda Azərbaycan xalqının və dövlətinin göstərdiyi qardaşlıq köməyinin gürcü xalqı tərəfindən daim rəğbətlə xatırlandığını vurğulayıb: “Hörmətli cənab prezident, Sizi əmin edirəm ki, Gürcüstan həmişə dost Azərbaycanın yanında olacaq. Bizim strateji əməkdaşlığımız dəyişməz olaraq qalır”.

 

Prezident Giorgi Marqvelaşvili Azərbaycanın enerji ehtiyatlarının və məhsullarının Avropaya nəqli üçün daha çox imkanların yaradılmasına Gürcüstanın böyük önəm verdiyini diqqətə çatdırıb. Gürcüstan ilə Avropa İttifaqı arasında azad ticarət üzrə razılaşmadan ümumi nailiyyət kimi faydalanmağa çalışmaqla Azərbaycan sərmayəçilərı və iş adamlarının bu imkanlardan yararlanmasını təmin etməyə Gürcüstanın maraqlı olduğunu söyləyib.

 

“Sizin Gürcüstana etdiyiniz bugünkü səfər dövlətlərimiz arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradacaq. Bu, Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşməsinə yeni təkan verəcək”, deyə G. Marqvelaşvili bildirib .

# 287
avatar

Oxşar yazılar