Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azadlıq Radiosuna eksklüziv müsahibəsində Ermənistanda və Gürcüstanda böyük hay-küy yaratmış bəyanatına aydınlıq gətirib.
Onun keçən həftə Litva parlamentində Azərbaycan və Qarabağ münaqişəsi barədə dedikləri haqda məlumatlardan sonra Gürcüstanda müxalifət Pancikidzenin istefasını tələb edir. Pancikidze yanvarın 18-də parlamentə izahat verməyə çağırılır.
Ermənistan və Gürcüstan mediasının məlumatlarına görə, Pancikidze Litvada deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Gürcüstan müxalifətinin fikrincə, Pancikidzenin bəyanatı Ermənistan mediasında qalmaqal yaradıb, bu isə arzuolunmazdır, çünki yanvarın 17-də isə Gürcüstanın baş naziri İvanişvili Yerevana səfər etməlidir, indi bu səfər ləğv oluna bilər.
Pancikidze isə Azadlıq Radiosuna deyir ki, onun dedikləri ilə bu məlumatlar fərqlidir. Onun iki müxtəlif suala cavabını bir yerə cəmləyiblər.
Azadlıq Radiosu: Keçən həftə Litvada nə baş verib?
Pancikidze: "Suala görə çox sağ olun. Baş verənlərin iki səbəbi var. Birincisi, Gürcüstan mediası, Azadlıq Radiosundan fərqli olaraq, informasiyanı yenidən yoxlamır.
İkincisi, Gürcüstan müxalifəti öz dar partiya maraqlarından çıxış edir.
Əslində isə hər şey tamam başqa cür olub. Bunlar Litva parlamentinin Avropa Araşdırmaları Mərkəzində baş verib, maraqlananlar baxa bilərlər.
Azərbaycan səfirinin sualına cavab verərkən mən dedim ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Bundan sonra Ermənistan səfiri soruşdu ki, bütün münaqişələr eynidirmi və bütün münaqişələri bu modellə həll etmək mümkündürmü?
Mən cavab verdim ki, hər münaqişə özünəməxsusdur və elə bir resept yoxdur ki, bütün münaqişələri bir reseptlə həll etmək mümkün olsun.
Dediklərim yalnız bunlardır.
Bundan sonra mənim sözlərimi kim , necə yozub, bunu artıq mən bilmirəm".
Belə baxanda Pancikidze Azərbaycanın ərazi bütövlüyü haqda Gürcüstanın həmişə dediyi rəsmi mövqeni təkrar edib. Bəs problem nədədir? Onun dediyi ilə dediyi haqda məlumatlar arasında fərq nədədir?
Erməni mediasında gedən məlumatlarda əsas narazılıq Azərbaycanın ərazi bütövlüyü ilə Dağlıq Qarabağ probleminin həllinin bir yerdə çəkilməsindəndir. Yəni belə bir fikir aşılanır ki, bunlar iki fərqli məsələdir - Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur.
... Gürcüstanın baş naziri İvanişvili isə nəzərdə tutulduğu kimi yanvarın 17-də Yerevana səfərə gedəcək. Səfər təxirə salınmır. Bunu Ermənistanın xarici işlər nazirliyindən “Armenpress”ə bildiriblər. İvanişvili Ermənistan prezidenti, eləcə də bütün ermənilərin katolikosu və başqaları ilə görüşəcək.