“Yeni Müsavat” G.Əhmədova ilə əlaqə saxlayaraq, onunla bağlı yaranmış suallara aydınlıq gətirməyə çalışıb.
- Gülər xanım, oğlunuzun əsgərliyə aparılması ilə bağlı son məlumatlar yayıldı. Bunu sizə qarşı təzyiq vasitəsi kimi qiymətləndirənlər oldu...
- Hamının uşağı əsgər getməlidir də. Burda nə var ki?
- Bəs niyə indiki ərəfədə? Sizcə, bu, təsadüfdür?
- Nə bilim indi. İndiki ərəfədə olub, olub da. Təki hamının balası sağ-salamat gəlsin. İçində də bizim balalarımız. Hamının balası var. Mənim həmişə əsgərlərlə bağlı çıxışlarım da olub. Hər zaman demişəm ki, hamının balasını öz balam bilirəm.
- Hara aparıblar, bilirsinizmi?
- Yox, hələ heç nə bilmirik.
- Qəfil oldumu onun əsgərliyə aparılması?
- Onsuz da getməli idi. Oxuyurdu deyə qalmışdı. Onda belə alınıb ki, hamısını dalbadal oxuyub. Məktəb, məktəbin arxasınca universitet, bakalavr, ardınca magistratura. Hamısı dalbadal olub. Çox savadlı oğlandır. Biz onu əsgərlikdən qaçırmamışıq. Hətta atası deyirdi ki, təhsilini qurtaran kimi getsin əsgərliyə. Amma maşallah, hər dəfə imtahan verirdi, qəbul olunurdu. Özü də gülürdü ki, elə imtahan yoxdu ki, mən onu verim. Sağ-salamat getdi. Mən özüm də deyirəm, hamının uşağı əsgərliyə getməlidir. 15-16 il parlamentdə olmuş adam kimi həmişə bunu təbliğ etmişəm. Allaha dua edirəm ki, o biri iki oğlum da əsgərliyə getsin. Oğlum bir dəqiqə də fikirləşməyib ki, əsgərlikdən yayınsın və sair. Allaha qurban olum, arzu edirəm ki, Qarabağı alanlar sırasında mənim oğlum da olsun. Bir dəfə parlamentdəki çıxışımda dedim ki, Qarabağ müharibəsi olsa, siz məni burda görməyəcəksiniz. Özüm də o müharibədə iştirak edərəm. Mənim oğlanlarım İlqar Mikayıloğlu kimi adamın bacısı uşaqlarıdır.
- Səhhətiniz necədir? Yenə davam edir ürəyinizdəki problemlər?
- Vəziyyətimi heç soruşma. Ürək ağrılarım davam edir. Yuxum qarışıb. Beyindaxili təzyiq məni öldürür. Heç halım yoxdur.
- Belə bir versiya da səslənir ki, Gülər Əhmədovanı da zəhərləyə bilərlər Sevinc Babayeva kimi. Hər halda, mərhum Sevinc Babayevada da qəfil ürək ağrıları başlamışdı.
- (Gülür) Bunu kim deyir? Ürəkdir də, ağrıya da bilər. Kimin ürəyi dözər bu boyda söz-söhbətə? Axmağın biri çıxıb ortaya, haqqımda ağlına gələni danışır. Hamısı əsəbdəndir. Hər zaman fəaliyyətdə olan adam olmuşam. İndi səhhətim imkan vermir.
- Baş Prokurorluq 7 yanvarda açıqladı ki, barənizdə polis nəzarətində saxlanmaqla qətimkan tədbiri seçilib. Bunu bilirdinizmi?
- Bilirdim, bu, gizli deyildi ki. Prokurorluq heç vaxt bunu gizlətməyib. Polis nəzarəti var.
- Polis nəzarəti hansı formadadır? Hər gün gəlib qol çəkdirirlər? Evdən bayıra çıxmağınıza imkan vermirlər?
- Arada gəlirlər, qol çəkdirib gedirlər. Heç mənim evdən çıxmağa halım yoxdur ki, gedim, gəzim, tozum. Kardioqramım var.
- Vəkilləriniz kimdir? Onlar nə deyirlər işin gedişi ilə bağlı?
- Vəkillərim var. Hamı bilir ki, bu işdə mənim heç bir günahım yoxdur. Dünyanın heç bir yerində videoya görə adamın həbs olunması yoxdur. Gedin dünya mətbuatını oxuyun. Montaj olunmuş, üzərində min cür əməliyyat edilmiş videolar heç vaxt sübut sayıla bilməz.
- Vəkillərinizin kimliyini açıqlamadınız. Elnur Məcidli açıqlamasında deyir ki, sizin vəkiliniz Kiprdən gəlib.
- Xeyr. Mənim vəkillərim Türkiyədən və Rusiyadan gəliblər. Hələ biri var, o da lap Elşad Abdullayevgilin qulağının dibindədir.
- Kimdir?
- Demirəm. Qoy özləri tapsınlar. Çox maraqlı proseslər olacaq. Hamısını görəcəksiniz.
- Bəs o vəkilləriniz mediaya niyə danışmır? Onları təqdim edəcəksinizmi?
- Yox, onlar hələ ki araşdırma aparırlar və danışmaq istəmirlər. Amma heç kəs unutmasın - Fransa qanunları var. Mən düz 10 il Fransa-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olmuşam. Vəkillərim yerli qanunvericiliyi də bilirlər, Avropa qanunvericiliyini də. Fərqləri araşdırırlar, yeni detallar üzərində işləyirlər. İki geydirmə videoya görə adamı həbs etmək olmaz.
- Başqa bir detal da Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun hər gün mediaya sizin barənizdə verdiyi açıqlamalardır. Bizə verdiyi son müsahibəsində deyib ki, siz Qazaxda saxlanılanda 15-16 min manat pulunuz alınıb...
- Mən ilk gündən demişəm ki, o uşağın heç bir sözünə reaksiya verməyəcəyəm. O, obraza girib. Özündən Polad Alemdar düzəldib. Oradan deyir, mən səni öldürəcəyəm. Ağlına gələni danışır. Türklər demiş, o adam mənim muhattabım deyil (söhbət edəcəyim adam statusunda deyil-S.T.). Ana istəyən oğlan özünü başqa cür aparar. Xəstə olanda gedib oturaydı da anasının yanında. Övlad sevgisi ayrı şeydir. Mən indi xəstəyəm, balaca oğlum yanımdan əl çəkmir. Allah o dünyasını versin, sağlığında anasını “Seva” deyə qışqırıb çağırırdı. Anasının sağlığında hər oyundan çıxırdı bu uşaq. İndi mənə ana qədri bilən olub. Belə təəssüb çəkəndirsə, getsin Rəvanın (Habiloğlu-S.T.) yaxasından yapışsın da. Onun açıqlaması yadından çıxıb? Məndən nə istəyir? Mənim onun anasına ancaq xeyrim keçib. Bu günə qədər 200 vərəqlik bir kitab da oxumayıb. 3 şəhidimizin adını da bilmir. Onun açıqlamalarını oxuyanda mən həmişə gülüb həyat yoldaşıma deyirəm ki, “ayə, qoymayın, üstümə irasim gəlir” (gülür). Rəhmətlik anası deyirdi, “atvyorka” ilə Prezident Aparatına girib, bu deyir, anamı Gülər Əhmədova zəhərləyib. Nə bilim e, mən bunlara nə deyim?! Adam heç olmasa çıxıb bir yalanını etiraf edər də. Elə yalanlar danışırlar ki, sabah altından çıxa biləcəklər?
- Bəs onun açıqlamaları əsasında həbs oluna biləcəyiniz ehtimalı mümkündürmü?
- Həbs edə bilərlər. Bu, siyasətdir. Amma indi məni həbs eləməli heç nə yoxdur. Kimsə qonorar almaq, qəzetini satdırmaq üçün belə şeylər uydura bilər. Amma mənim həbsim üçün ortada heç bir səbəb yoxdur.
- Sizcə, Ayxan Məmmədovun suçlamaları, videolar sizin həbsinizlə nəticələnə bilməzmi?
- Bayaq da dedim, vəkillərim araşdırma aparır. Ortada çox ciddi detallar var. Videoya görə bu günə qədər dünyada heç kimi tutmayıblar. Beləyə qalanda isə... istəsələr, iyun ayında qar da yağar (gülür).
- Yəni həbsiniz istisna deyil...
- Allah heç bir qadına həbs göstərməsin. İnanın ki, həbsdəki qadınların heç biri bizdən əskik deyil. Mən düz 2 il Qadın Zorakılığına qarşı Şuranın milli koordinatoru olmuşam. Elmlər namizədi qadınlar, 9 uşaq anası olan qadınlar görmüşəm türmədə. İnanın ki, o qadınların heç biri bayırdakılardan nə gözəllikdə, nə qabiliyyətdə əskik deyil. Heç kəs özünü günahkar saymır. Amma məni hər zaman ağrıdan bir şey olurdu ki, qadın məhkumların arxasınca gələn az olur, nəinki kişi məhkumların. Mən məhz arxasınca gəlinməyən qadın məhkumlarla maraqlanmışam, onlara diqqət göstərmişəm.
- Həbs demişkən, Qazaxda, sərhəddə saxlanılmanız, geri qaytarılmanız məsələsi də vardı. O hadisə necə olmuşdu?
- Mən neçə vaxtdı təzyiqdən əziyyət çəkirəm. Mənə bu videolardan daha çox YAP-dan çıxarılmağım təsir etdi. Dedilər, real videodur. Halbuki baxan mütəxəssislər də anlayır ki, bu, montajdır. Mənə kar edən keçmiş həmkarlarımın üzlərinin dönməsi oldu. İnanın, o hadisədən sonra elə gün olurdu ki, gündə 3-4 dəfə üstümə təcili yardım maşını gəlirdi. Hər gün həkimlər evimdə idi. Ürəyimin müalicəsi üçün istədim xaricə gedim. Amma həkimlər mənə təyyarəyə minməyi qadağan etdilər. Dedilər təyyarə sənlik deyil, minsən, ürəyin pis olar, dadına çatan olmaz. Amma Gürcüstanda da yaxşı həkimlər olduğunu bilirdim. Tanınmış bir-iki klinika var ki, orda effektli müalicə oluna bilərdim.
- Nə əcəb Bakıda müalicə olunmadınız?
- Burda bir-iki xəstəxanaya müraciət etsəm də götürmədilər məni.
- Niyə?
- Jurnalistlərdən çəkindilər. Dedilər jurnalistlər bezdirəcək, biri gedəcək, o biri gələcək. Nə isə, alınmadı.
- Və siz getmək istədiniz Gürcüstana. Sərhəddə nə baş verdi?
- Heç nə. Adam balası kimi getdim çatdım sərhədə. Orda dedilər ki, bu xanımla bağlı (özünü nəzərdə tutur-S.T.) problem var. Sonra hay-həşir, ay qoymayın... Nəsə, məni çox danışdırmayın, bu haqda danışmaq istəmirəm... İnanın, hər namazda dua edirəm ki, Allah haqsızlıq edənlərin hamısının qabağına çıxarsın. Məni bu dəqiqə bir şey maraqlandırır: balam sağ-salamat gəlsin əsgərlikdən. Allah canımıza dəyməsin, qalan hər şey düzələcək. İndi səhhətim imkan vermir. İnşallah, hər şey yoluna qoyulandan sonra oturub bütün bu hadisələri yazacağam. Mən yazmıram, yazmıram, amma yazanda da birdən yazacağam. Saatbasaat nələr oldu, nələr yaşandı, hamısını... Kim nəyə nail olmaq istəyirdi, kim nəyə nail oldu, bax, bunları. O gün “Azadlıq” qəzetindən zəng elədilər, onlara da dedim. Ayxan Məmmədovdan müsahibə götürürlər. Bunun özünə Ayxan bəy deyirlər, anasına Sevinc xanım. Mənim haqqımda isə belə yazırlar: Gülər. Mən beləsinə nə deyim? (gülür) Məni yenə çox danışdırdınız, vəkillərim narazılıq edir danışanda. Amma bəzi şeylər var ki, onları demədən olmur.