Aydın Əliyev Meksika səfirini qəbul edib
30 mart 2016 14:37 (UTC +04:00)

Aydın Əliyev Meksika səfirini qəbul edib

 

Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2014-cü ilin sentyabrında Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini məmnunluqla xatırladıb, eləcə də ötən il Bakıda keçirilən 10-cu illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirib. DGK sədri “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in artıq hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.

 

DGK sədri Aydın Əliyev iqtisadi-ticari əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən də söhbət açıb, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan və bu imkanlardan maksimum yararlanmağın vacibliyindən bəhs edib.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Xuan Rodrigo Labardini Flores Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, burada az müddətdə böyük təəssüratlar əldə etdiyini bildirib.

 

Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

 

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327
avatar

Oxşar yazılar