“İnsan haqları uğrunda” İctimai Birliyin sədri, tanınmış hüquq müdafiəçisi Eynulla Fətullayev “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının onu Brüsseldə təqdim etdiyi “Avropanın qürubu, yaxud Avropa dəyərlərinin böhranı” adlı layihəsi ilə bağlı tənqid etməsinə növbəti dəfə cavab verib. AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün hazırda Strasburqda olan E.Fətullayev bununla bağlı bəyanatını “Yeni Müsavat”a göndərib. Bəyanatda deyilir:
“Mən bir daha təəssüflə bildirirəm ki, “Amnesty İnternational” kimi qlobal bir təşkilat ilk baxışdan çox kiçik bir ölkənin kiçik bir təşkilatının büdcəsini tədqiq etməklə məşğul olmağa başlayıb. Bu, təəssüf doğuran haldır.
Amma bir halda ki, “Amnesty İnternational” kimi qlobal bir təşkilat bizim fəaliyyətimizə bu qədər önəm verməyə başladı və bu diqqət məhz Almaniya haqqında hesabatın dərc olunmasından sonraya təsadüf etdi, onda biz də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Qara Dəniz Fondu (Blask Sea Trust) bizim təşkilatın işbirliyi olub. Lakin bu əməkdaşlıq Azərbaycanda korrupsiyanın tədqiqi sahəsində olub. Bu tədqiqatlarda bir sıra məşhur jurnalistlər iştirak etmişdi. Və mənim bildiyim qədər, Qara Dəniz Fondu mənim fəaliyyətimdən razı qalmışdı.
Almaniya ilə bağlı hesabatın maliyyə dəstəyinə gəlincə isə bu barədə Azərbaycana qayıdan kimi keçirəcəyim mətbuat konfransında konkret sənədlər əsasında açıqlama verəcəyəm. Mənim bu açıqlamalarım “Amnesty İnternational”ı çox təəccübləndirəcək. Yəqin ki, onlar məndən üzr istəməli olacaqlar, fəqət, mən bu üzrxahlığı qəbul etməyəcəyəm. Çünki “Amnesty İnternational” bir sıra ciddi beynəlxalq qüvvələrlə birgə yanvarın 21-də Brüsseldə keçirdiyim təqdimat mərasimini pozmağa çalışmışdılar. Lakin bu təxribat ədalətli insanların və bir sıra beynəlxalq təşkilatların sağlam mövqeyi sayəsində baş tutmadı. Əksinə, tədbir böyük uğurla keçdi. Bu uğurumuz və təxribat cəhdlərinin boşa çıxması “Amnesty İnternational”ı və bəzi böyük qüvvələri artıq açıq oyuna keçməyə vadar etdi. Məncə, bütün bu hadisələrin məhz Almaniyanın tənqidindən sonra baş verməsi düşünülmüş və çoxgedişli kombinasiyanın nəticəsidir. Mən “Amnesty İnternational”ı dünyada insan haqlarının müdafiəsinə səsləyir və ona gələcək fəaliyyətində yalnız uğurlar diləyirəm”.