Erməni Güney Azərbaycan türklərinin adından danışır-Şərh
13 yanvar 2013 07:27 (UTC +04:00)

Erməni Güney Azərbaycan türklərinin adından danışır-Şərh

Ermənilər İran mərkəzli fars düşüncə sisteminə yarınmaq üçün çeşidli fitnəyə əl atır. Bu sayaq xidmətləri ilə onların panfarsçılardan «bəxşiş» aldıqları da ehtimal edilir.

Yanvarın 12-də İrəvan Dövlət Universiteti İran kafedrasının dosenti Vardan Voskanyan mənsub olduğu etnosun xislətinə uyğun çıxış edib.

Ermənilər Güney Azərbaycana da ərazi iddiası etməklə yanaşı, güneyli-quzeyli Azərbaycanda yer adlarını dəyişdirərək, özlərindən yeni adlar belə uydururlar.

Panfarsçılar bir qayda olaraq, Azərbaycan Respublikasını adına etiraz edir. Erməni «iran bilcisi» də onlardan geri qalmayıb. Hətta bu işə Güney Azərbaycan türklərinin də «qatıldığı» iddiasını irəli sürüb.

Onun sözlərinə görə, guya indiki İranın Azərbaycan əyalətinin (V.Voskanyan və başqa erməni «alimləri» «Atrpatakan» deyir) sakinləri Tehran hakimiyyətinə Azərbaycan Respublikasını Azərbaycan adlandırılmasının «dayandırılması» ilə bağlı «müraciət ediblər».

Erməni dosent daha sonra bildirib: «İlk dəfədir bu sayda insan öz dövlətinə əyalətin adının beynəlxalq səviyyədə dəyişdirilməsi ilə bağlı müraciət edir. Bu ərazi nə vaxtsa Qafqaz Albaniyası adlanıb. Tarixdə heç vaxt Azərbaycan adını daşımayıb».

O, panirançılara yarınmaq cəhdini belə davam etdirib:«İranda türk dillilərin hakimiyyət tərəfindən sıxışdırıldığına dair əsassız xəbərlər də yayılır. Belə şayiələr gerçəkliyə uyğun deyil».

Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması ilə bağlı çıxışlarına qarşı bu ilk əcaib təbliğat deyil. Hər kəsə bəllidir ki, İranda yaşayan yüz minlik erməninin öz dilində yüzədək məktəb, mədəniyyət mərkəzi və s. bu kimi qurumları fəaliyyət göstərdiyi halda Azərbaycan türklərinin ana dilində bir sinif məktəbi belə yoxdur.

Panfarsçılar kimi bu erməni «alimi» də Azərbaycan Respublikasını «əyalət» kimi təqdim edir. Bu baxımdan onun içdiyi suyun mənbəyi də bəllidir.

Yeri gəlmişkən, Qafqaz Albaniyası məsələsində ermənilərin saxtakarlığı özünə yer tapa bilmir. Çünki tarixi faktlarla bu dövlətdə də aparıcı etnosun türklər  olduğu çoxdan öz təsdiqini tapıb. Hətta ermənilərin öz adlarına çıxmaq istədiyi alban kilsələrinin də türklərə mənsubluğu artıq mübahisə mövzusu deyil.

Onu da qeyd edək ki, Güney Azərbaycandakı tarixi kilsələr də türklərə aiddir. Sadəcə olaraq, indiki kimi o illərdə də ermənilər indiki İranı idarə edən türklərə yarınmaq üçün çeşidli saxtakarlıqla həmin abidələri öz adlarına çıxa biliblər. Bunun da əsas səbəbi fikrimizcə, türklərin islamı qəbul etməsidir. Çünki türklər islamı qəbul etdikdən sonra bu ərazidəki xristianlıq dövrünə məxsus bir sıra məsələlərdən, o cümlədən abidələrdən, kilsələrdən də bir növ imtina etdi.

Dünya Azərbaycan ərazisinin bir neçə dövlətin tərkibində olduğunu bilir. Bu üzdən Tehran hakimiyyəti və onun arxasındakı güclər Azərbaycan türklərinin milli haqlarının təmini yönündə fəaliyyətini vartanların çıxışı ilə əngəlləməyə çalışırlar. Buna görə tarixi saxtalaşdırmaqdan çəkinmirlər.

Tehran hakimiyyəti isə Güney Azərbaycan türklərinin milli haqları ilə bağlı tələblərini təmin etməkdənsə, ermənilərdən də anti-Azərbaycan təbliğatı aparmaq məqsədi ilə istifadə edir.( İslam Respublikası rəsmiləri bunun əksini sübut etmək istəyirsə, o zaman Tehranın İrəvandakı səfiri Vartan Voskanyanın dedikilərini təkzib etsin).

Mətləbi çox uzatmadan qeyd edək ki, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəməyənlər - Tehran hakimiyyətinin təmsilçiləri və  bu sayaq qüvvələr vaxtaşırı belə saxtakarlıqla məşğul olurlar.Belələri ərazinin bütünlükdə Azərbaycan adlandığını nə tarixdə, nə də gerçəkdə görə bilmir.Tarix kitablarında Qafqaz dağlarından Əlborzadək Azərbaycan olduğu yazılıb.

Vartan Voskanyan kimi ermənilərdən istifadə edənlərin nəzərinə bir məsələni də çatdırmaq bizə görə, yerinə düşər. Xatırladaq ki, keçmiş SSRİ ermənilərin Azərbaycan torpaqlarına yersiz iddiası ilə çökməyə başladı. Yaxud bu çöküş sürətləndi. Bu baxımdan Tehrandakı hakimiyyətin ayağı daha ciddi şəkildə büdrəyəndə də ermənilər sovetlərin dövründə olduğu kimi vəziyyətdən yarınmağa başlasa, o zaman İranın axırının SSRİ-dən yaxşı olmayacağı istisna edilmir...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar