Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində sərgi təşkil olunub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dünyanın aparıcı nüvə dövlətləri tərəfindən təşkil edilən sərgi nüvə silahlarının azaldılması, yüksək səviyyədə zənginləşdirilmiş urandan istifadə, nüvə materiallarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunub.
Sərgidə iştirak edən Çin Nüvə Təhlükəsizliyi Mərkəzinin baş direktoru Xu Jehua deyib ki, Çin nüvə təhlükəsizliyi sahəsində artıq böyük təcrübəyə malik ölkədir və qazandığı nailiyyətləri digər ölkələrlə paylaşmağa hazırdır: “Məncə, bu məsələdə bütün ölkələr birgə əməkdaşlıq etməlidir”.
Sərgidə təmsil olunan “Edlow International” şirkətinin prezidenti Rassel Nelli bildirib ki, şirkət radioaktiv materialları dünyanın müxtəlif ölkələrinə çatdırı. Avropa, Asiya və ABŞ ilə sıx əlaqələr qurulub. Müasir dövrdə nüvə enerjisinin çox böyük əhəmiyyəti var. Çünki qlobal istiləşmə və karbon qazının havanı çirkləndirməsinin qarşısını almaq üçün nüvə enerjisindən istifadə edilməsi daha sərfəlidir.
Qeyd edək ki, nüvə enerjisi hər il 2,5 milyard ton karbon qazının atmosferə buraxılmasının qarşısını almaqla dünya elektrik enerjisinin 16 faizini təmin edir. Nüvə enerjisindən atom elektrik stansiyalarında və atom sualtı gəmilərində istifadə olunur. Bu enerjinin kosmik gəmilərdə tətbiqi üzrə sınaqlar aparılır.
Beynəlxalq Nüvə Assosiasiyasının meneceri Conatan Kob isə deyib ki, beynəlxalq nüvə təşkilatı 170 şirkəti özündə birləşdirir. Bu şirkətlər arasında nüvə texnologiyaları və energetikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi aparılır.
Kanada Nüvə Assosiasiyasının direktoru Corc Kristi isə bu barədə öz fikirini bildirərək deyib ki, sammitdə iştirak edən hər bir ölkə nüvə enerjisindən istifadə üsulları və nüvə təhlükəsizliyindən danışır: “Nüvə enerjisi dedikdə, əksər insanlar təhlükə barədə düşünür. Əslində isə nüvə enerjisindən düzgün istifadə etməklə biz elektrik və yanacaq enerjisini tam əvəz edə bilərik. Bununla da bir çox ekoloji problemlərin qarşısı alınar. Təbabətdə və kənd təsərrüfatında da nüvə texnologiyalarının istifadəsindən yararlanmaq olar”.
Bildirək ki, media nümayəndələri üçün keçirilən brifinqdə ABŞ Prezidentinin mətbuat xidmətinin əməkdaşı Erik Şults və digərləri Nüvə Təhlükəsizliyi Sammitinin əsas məqsədləri və gələcək perspektivlər barədə məlumat veriblər.
ABŞ-ın Enerji Departamentinin nüvə təhlükəsizliyi proqramı üzrə vitse-prezidenti Endrü Beniavski isə öz növbəsində deyib ki, Azərbaycan nüvə təhlükəsizliyi baxımından iki əsas sahədə böyük rola malikdir: “İlk növbədə, Azərbaycan “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya qoşulub. Biz bunu çox yüksək dəyərləndiririk. İkinci mühüm rol ondan ibarətdir ki, Azərbaycanın radioloji materialların ötürülməsinin qarşısının alınmasında iştirak edir. Bildiyiniz kimi, son zamanlar Fransa, Belçika və Türkiyədə baş verən terror aktları zamanı dinc əhaliyə böyük zərər dəyib. Bu səbəbdən biz müxtəlif terrorçu qruplara qarşı mübarizədə səylərimizi birləşdirməliyik. Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndiririk”.