Yanvarın 23-də Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin prezidenti Dilma Russefə etimadnaməsini təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təqdimat zamanı Elnur Sultanov Dilma Russefə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
O, bu il Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyinin tamamlandığı və Azərbaycanın Braziliya ilə hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğu söyləyib. Braziliya prezidenti də öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularının çatdırılmasını xahiş edib. Dilma Russef Braziliyada Azərbaycan səfirliyinin açılması ilə bağlı Elnur Sultanovu təbrik edib və iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Elnur Sultanov da Azərbaycan-Braziliya əlaqələrinin bir çox istiqamətlər, xüsusilə də ticarət-iqtisadi və humanitar sahələri üzrə əməkdaşlığın böyük potensiala malik olduğunu və səfirlik tərəfindən ikitərəfli münasibətlərin möhkəmlənməsi naminə fəal işin aparılacağını vurğulayıb.
Təqdimat mərasimində Braziliya xarici işlər naziri Antonio Patriota və Braziliya prezidentinin xarici siyasət üzrə müşaviri Marko Aurelio Qarsia da iştirak ediblər.